Cəmiyyət

Ən çox saxtalaşdırılan məhsullar hansılardır? - SİYAHI

30 Jun 2026, 21:42 2 baxış
Ən çox saxtalaşdırılan məhsullar hansılardır? - SİYAHI
"Azərbaycanda ən çox saxtalaşdırılan məhsullar spirtli içkilər, bal, kürü və kənd toyuğudur". Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli "Trend" İnformasiya Agentliyinə və "Xəzər" TV-yə birgə müsahibəsində deyib. Qoşqar Təhməzlinin sözlərinə görə, 4 tona yaxın saxta bal aşkarlanıb: "Dünyada ən çox saxtalaşdırılan məhsullar alkoqollu içkilərdir. Azərbaycanda da alkoqollu içkilərin saxtalaşdırılması hallarına çox rast gəlinir. Eyni zamanda, qida məhsullarının saxtalaşdırılması halları da kifayət qədər çoxdur. Hazırda, xüsusilə, qara kürünün saxtalaşdırılması ilə bağlı hallara tez-tez rast gəlirik. Bu sahədə əsasən iki növ saxtalaşdırma müşahidə olunur. Birinci halda müxtəlif mənşəli qara kürü Azərbaycan nərə balığına məxsus kürü kimi qablaşdırılır və istehlakçı aldadılır. Yəni mənşəyi başqa ölkə olan məhsul Azərbaycan nərə balığının kürüsü kimi təqdim edilir. İkinci istiqamət isə süni kürü ilə bağlıdır. Burada xüsusi olaraq qeyd etmək istəyirəm ki, süni kürünün istehsalı və ya ölkəyə idxalı qadağan deyil. Bu, qanunvericiliyə uyğun qida məhsuludur. Sadəcə, məhsul öz adı ilə - yəni "süni kürü" kimi satışa çıxarılmalıdır. Problem ondan ibarətdir ki, bəzi hallarda, xüsusilə, restoran və şadlıq saraylarında istehlakçılar aldadılaraq həmin məhsul təbii qara kürü adı altında təqdim edilir. Bu hal insan sağlamlığı baxımından təhlükəsi olmasa da, istehlakçı hüquqlarının pozulması baxımından ciddi qanun pozuntusudur və Agentlik tərəfindən belə hallara qarşı müvafiq tədbirlər görülür". AQTA sədrinin sözlərinə görə,163 qida obyektində, o cümlədən ticarət və ictimai iaşə müəssisələrində saxta spirtli içkilər aşkarlanıb. Həmin məhsullar ekspertizadan keçirilib, göstəriciləri müəyyən edilib, dövriyyədən çıxarılaraq məhv olunub: "Bal məhsulları ilə bağlı da qeyd etdiyim kimi, Agentlik tərəfindən təxminən 4 tona yaxın saxta bal aşkarlanıb və 2 tona yaxını məhv edilib. Qara kürü ilə bağlı isə qeyd etdiyim iki istiqamət üzrə ümumilikdə 10 ərzaq bazarında, 8 ticarət obyektində, 14 idxal anbarında və 61 ictimai iaşə müəssisəsində yoxlamalar aparılıb. Nəticədə bəzi obyektlərdə başqa mənşəli kürünün Azərbaycan nərə balığının kürüsü adı altında satıldığı müəyyən edilib və tərəfimizdən həmin halların qarşısı alınıb. Saxtalaşdırma hallarından biri də "kənd toyuğu" adı altında müxtəlif toyuqların rənginin dəyişdirilərək satışa çıxarılmasıdır. Bəzi hallarda qida sənayesində istifadəsi qadağan olunmuş toksik rəngləyicilərdən istifadə edilməklə toyuqların dərisi daha tünd sarı rəngə boyanır və məhsul kənd toyuğu kimi istehlakçılara təqdim olunur. Bu cür halların da qarşısının alınması istiqamətində Agentlik tərəfindən ciddi nəzarət tədbirləri həyata keçirilir".
Mənbə oxu.az

Oxşar Xəbərlər