Cəmiyyət

Tanışına balta və dəryazla xəsarət yetirən 10 uşaq atasına hökm oxundu

24 Jun 2026, 11:40 4 baxış
Tanışına balta və dəryazla xəsarət yetirən 10 uşaq atasına hökm oxundu
Qəsdən sağlamlığa az ağır zərər vurmaqda təqsirləndirilən Möhtəmən Səmədovun (soyadı şərtidir - red.) barəsindəki cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Oxu.Az Pravda.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən son iclasda hökm oxunub, təqsirləndirilən şəxsə şərti cəza verilib. İttihama görə, hadisə 2025-ci ildə saat 22 radələrində M.Səmədovun fəhlə kimi işlədiyi Bakı şəhərinin Xəzər rayonunun Türkan qəsəbəsi, Üzümçülük sovxozunda yerləşən fərdi evlərdən birinin həyətində baş verib. Belə ki, Möhtəmən Səmədovun tanışı Elçin Qurbanov alkoqol sərxoşluğu vəziyyətində onun icazəsi olmadan həyətə daxil olub. O, həmin vaxt təqsirləndirilən şəxsin ünvanına nalayiq ifadələr işlədib, sonra isə ona hücuma cəhd edib. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Möhtəmən əvvəlcə əlində olan baltanın arxa, küt hissəsi ilə Elçinin baş nahiyəsinə bir dəfə zərbə endirib. Bundan sonra o, həyətdə olan dəryazı götürərək onun küt tərəfi ilə zərərçəkmiş şəxsin sol qabırğa nahiyəsinə zərbə vurub. Nəticədə Elçin Qurbanova sol tərəfli hemopnevmotoraksla müşayiət olunan, qabırğaların qəlpəli və yerdəyişən sınıqları kimi qiymətləndirilən ağır xəsarətlər yetirilib. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, həmin xəsarətlər ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilib. Məhkəmə iclasında Möhtəmən Səmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmişi 3-4 il əvvəl tanıyıb və onun dəmir yığmaqla məşğul olduğunu bilib. Aralarında əvvəllər hər hansı münaqişə baş verməyib və münasibətləri normal olub. Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə baş verən gün Türkan qəsəbəsində Siyavuş adlı şəxsə məxsus evdə usta kimi işləyib. Axşam saatlarında işini bitirərkən Elçin sərxoş vəziyyətdə və yanında tanımadığı bir şəxslə birlikdə həyətə daxil olub. Zərərçəkmiş şəxsə həyətə daxil olmamasını və nə sözü varsa, çöldə danışmasını deyib. Lakin Elçin bundan əsəbiləşərək onun üzərinə hücum etmək istəyib. M.Səmədov qeyd edib ki, əvvəlcə onu əli ilə itələyib və zərərçəkmiş şəxs yerə yıxılıb. Sonra ona yuxarıda qeyd edilən zərbələri vurub. Bundan sonra Elçin hadisə yerini tərk edərək avtomobilinə minib gedib. Təqsirləndirilən şəxs məhkəmədə həm özünün, həm də qohumlarının hadisədən sonra zərərçəkmiş şəxslə maraqlandıqlarını, onun müalicəsinə maddi yardım göstərdiklərini söyləyib. M.Səmədov hazırda E.Qurbanovla barışdıqlarını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını da qeyd edib. Təqsirləndirilən şəxs həmçinin ailə vəziyyəti barədə məlumat verərək rəsmi nikahda olduğu həyat yoldaşı ilə yanaşı, digər bir qadınla da qeyri-rəsmi nikah münasibətlərində yaşadığını, ümumilikdə 10 övladının olduğunu, həmin uşaqlardan birinin azyaşlı olduğunu bildirib. Sonda o, zərərçəkmiş şəxsə qarşı törətdiyi əmələ görə peşman olduğunu və baş verən hadisədən dərin təəssüf hissi keçirdiyini məhkəmənin diqqətinə çatdırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər