Zelenski Polşanın ali dövlət mükafatından məhrum edildi
Polşa Prezidenti Karol Navrotski ukraynalı həmkarı Vladimir Zelenskini ölkənin ən yüksək dövlət mükafatı olan “Ağ Qartal" ordenindən məhrum edib.
Axar.az xəbər verir ki, bu barədə Polşa lideri videomüraciətində deyib.
Məlumata görə, qərarın verilməsinə səbəb Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə “UPA qəhrəmanları” adının verilməsi olub.
Navrotski bəyanatında bildirib ki, Polşa-Ukrayna münasibətlərində keçilməməli olan sərhədlər mövcuddur.
Polşa lideri videomüraciətində qeyd edib ki, prezident ölkənin ən ali dövlət mükafatının nüfuzunu və şərəfini qorumağa borcludur.
“Vladimir Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin müstəqil xüsusi əməliyyatlar mərkəzlərindən birinə "UPA qəhrəmanları" adının verilməsinə razılıq verməsindən sonra Şura ilə məsləhətləşərək onu "Ağ Qartal" ordenindən məhrum etmək qərarı qəbul etdim”, – deyə Navrotski vurğulayıb.
Məlumata əsasən, Navrotski hələ may ayında Zelenskinin bu mükafatdan məhrum edilməsini təklif etmişdi.
Qeyd edək ki, UPA (Ukrayna üsyançı ordusu – red.) Ukrayna-Polşa etnik münaqişəsində iştirak etmiş, xüsusən də Volında yaşayan etnik polyakların kütləvi şəkildə məhv edilməsini təşkil etmişdir.