AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Avropa Birliyi (AB) Türkiyə ilə bağlı Yunanıstana xəbərdarlıq edib.
Axar.az Report-a istinadən xəbər verir ki, xəbərdarlığı Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Yunanıstanın aparıcı qəzetlərindən olan "Ta Nea"ya müsahibə zamanı səsləndirib.
O, AB-nin 150 milyard avroluq müdafiə proqramı SAFE-ə Türkiyənin qoşulmasına mane olmağa çalışan Afinaya bildirib ki, AB Ankaraya əməkdaşlıq təklif edir:
"Müdafiə sahəsində, Türkiyənin SAFE-ə qatılmaması səbəbindən, mövcud üzv dövlətlər Türkiyə ilə daha yaxın əməkdaşlıq etmək üçün səy göstərir, çünki əksəriyyəti NATO-da yer alır və Türkiyə alyansda mühüm rol oynayır".
Kallas qəzetin əməkdaşının Türkiyənin iki AB ölkəsini təhdid etməsi ilə bağlı təxribatçı sualına isə, Avropanın xüsusilə müdafiə sahəsində Ankara ilə əməkdaşlığa ehtiyac duyduğunu təkrarlayıb:
"Türkiyənin Avropanın təhlükəsizlik arxitekturasındakı əhəmiyyətli yeri var".