Cəmiyyət
Qəbul imtahanında 690 bal toplamış abituriyent: "Ölkə birincisi olmaq hissini necə ifadə edim, bilmirəm"
Ali məktəblərə qəbul imtahanının nəticələri açıqlanıb. Hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə 690 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyent isə Sumqayıt şəhəri 12 saylı orta məktəbin məzunu Fidan İlham qızı Hüseynzadə olub. O, imtahanın birinci mərhələsində 293.8, ikinci mərhələsində isə 396.2 bal toplayıb. Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Fidan Hüseynzadə hüquqşünas olmağı düşündüyünü qeyd edib: "Ölkə birincisi olmaq hissini sizə necə ifadə edim, bilmirəm. Nəticələr açıqlanmamışdan öncə də təxmin edirdim ki, yüksək bal toplamışam, amma bu qədərini düşünə bilmirdim". Hazırlıqlara qədər şəxsi telefonum yox idi: "IX sinifdən məşğələlərə başlamışam. Ona qədər məktəb dərsləri mənə kifayət edirdi, çox oxuyan, fərqlənən şagird idim. Telefonum olsa da, onunla çox az məşğul olurdum. Məşğələlərdən gələndən sonra dərslərlə məşğul olurdum, amma buna rəğmən hobbilərimi də arxa plana atmamışam. Boş vaxtlarımda da əsasən kitab oxuyurdum. Gələcəklə bağlı planım yaxşı kadr kimi ölkəmi təmsil etməkdir. Xəyalım magistratura təhsili almaqdır. Bu uğurumu məktəbdəki və hazırlıqdakı müəllimlərimə borcluyam".
Mənbə
oxu.az