Cəmiyyət

Azərbaycanda sudan xüsusi məqsədlərlə istifadə: Kimlər və hansı qaydada icazə almalıdırlar?

17 Jun 2026, 18:42 2 baxış
Azərbaycanda sudan xüsusi məqsədlərlə istifadə: Kimlər və hansı qaydada icazə almalıdırlar?
Artezian və subartezian quyuları yeraltı su mənbələri hesab olunduğundan, onlardan istifadə etmək istəyən yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər icazə üçün müraciət etməlidirlər. Bu barədə -ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat verilib. Bildirilib ki, bu qaydalar Su Məcəlləsinin tələblərindən irəli gəlir: "Suyun götürülməsi zamanı su obyektindən və istifadə məqsədindən asılı olaraq hər kubmetr su üçün müəyyənləşdirilən rüsumlar çox cüzidir. Burada əsas məqsəd sahibkarların maliyyə yükünü artırmaq deyil, su obyektlərindən istifadənin uçot və hesabatlılığının düzgün aparılmasını təmin etmək, nəticədə su ehtiyatlarını inteqrasiyalı şəkildə idarə etməkdir". Qurumdan əlavə edilib ki, bu tənzimləmə su obyektlərindən xüsusi məqsədlərlə istifadə edən şəxslərin dairəsinin dəqiqləşdirilməsinə, sudan qənaətlə və səmərəli istifadənin təşviqinə, eləcə də su ehtiyatlarının ədalətli bölgüsünə zəmin yaradacaq. Həmçinin, bu tədbirlər su obyektlərindən qanunsuz istifadənin və onların çirklənməsinin qarşısını almağa kömək edəcək. Aygün Mirakif Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlərin tətbiqinə 2026-cı il sentyabrın 1-dən başlanılacaq. Bu barədə Oxu.Az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat verilib. Məlumata görə, sözügedən ödənişlər hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən texniki qurğu və avadanlıqlar tətbiq edilməklə su obyektlərindən suyun götürülməsi, tullantı sularının təmizlənərək su obyektlərinə axıdılması və su akvatoriyasından istifadə olunması hallarında tətbiq ediləcək. Bildirilib ki, suyun götürülməsinə görə ödəniş məbləğləri su obyektindən və götürülmə məqsədindən asılı olaraq dəyişir. Belə ki, sənaye məqsədilə Xəzər dənizindən götürülən hər 100 kubmetr suya görə 0.4 manat, çay və göllərdən götürülən hər 100 kubmetr suya görə 4 manat, yeraltı sulardan götürülən hər 100 kubmetr suya görə isə 40 manat ödəniş müəyyənləşdirilib. Eyni zamanda, Xəzər dənizinə axıdılan hər 100 kubmetr tullantı suyu üçün 1 manat, çay və göllərə axıdılan hər 100 kubmetr tullantı suyu üçün isə 4 manat ödəniş nəzərdə tutulur. Qeyd olunub ki, ödənişlərlə bağlı ətraflı məlumat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2026-cı il tarixli 99 nömrəli Qərarı ilə təsdiq edilmiş "Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri" sənədində əksini tapıb. Məlumatda həmçinin qeyd edilib ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə almaq üçün ilk növbədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ərizə ilə müraciət olunmalıdır. Ərizəçi su obyektindən istifadə növündən, həmçinin hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmasından asılı olaraq tələb olunan sənədləri təqdim etməli, icazə alındıqdan sonra müqavilə bağlamalı və 2026-cı il sentyabrın 1-dən etibarən ödənişləri həyata keçirməlidir. Bildirilib ki, icazənin alınması proseduru Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2025-ci il tarixli 554 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası" ilə müəyyən edilir. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair icazənin verilməsi qaydası ilə buradan tanış olmaq mümkündür: https://e-qanun.az/framework/61055?utm_source=chatgpt.com. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair icazə və müqavilə formaları ilə isə bu link vasitəsilə tanış olmaq olar: https://e-qanun.az/framework/61660?utm_source=chatgpt.com. Agentlik su obyektlərindən xüsusi məqsədlər üçün istifadə edən şəxsləri sudan istifadə zamanı israfçılığa yol verməməyə, istifadə olunan suların uçotunu aparmağa və su qanunvericiliyinin tələblərinə riayət etməyə çağırıb.
Mənbə oxu.az