Cəmiyyət

Bakıda uşaq parkı acınacaqlı vəziyyətdə: Sakinlər narazıdırlar - VİDEO

17 Jun 2026, 01:00 2 baxış
Bakıda uşaq parkı acınacaqlı vəziyyətdə: Sakinlər narazıdırlar - VİDEO
Bir vaxtlar sakinlərin istirahət üçün üz tutduğu park hazırda baxımsız vəziyyətdədir. Uşaqların əylənməsi üçün nəzərdə tutulan yelləncəklər və attraksionlar sıradan çıxıb. Parkın əhəmiyyətli hissəsinin kommersiya obyektləri tərəfindən zəbt edildiyi iddia olunduğundan sakinlər burada rahat şəkildə istirahət edə bilmədiklərini bildirirlər. Oxu.Az xəbər verir ki, mövzu ilə bağlı "Azad Azərbaycan" (ATV) telekanalı videomaterial hazırlayıb. Söhbət Bakıxanov qəsəbəsi, Səməd bəy Mehmandarov küçəsində yerləşən uşaq əyləncə parkından gedir. Sakinlərin sözlərinə görə, parkda uzun müddətdir lazımi təmir və təmizlik işləri aparılmır. Nəticədə ərazi baxımsız vəziyyətə düşüb. Mövcud şəraitin əlverişsiz olması səbəbindən valideynlər uşaqlarını istirahət üçün başqa parklara aparmağa məcbur qalırlar ki, bu da əlavə vaxt itkisi və narahatlıq yaradır.
"Bəzən burada içkili şəxslər otururlar. Bura uşaq parkıdırsa, uşaqlar əylənməlidir. Uşaqlar harada oynasınlar?" - deyə sakinlərdən biri bildirib. Parkdakı qurğuların bir hissəsinin taxta elementləri sınıb, bəziləri isə tamamilə istifadəyə yararsız vəziyyətə düşüb. Sakinlər hesab edirlər ki, bu vəziyyət uşaqlar üçün təhlükə yarada və xoşagəlməz hadisələrə səbəb ola bilər. Məsələ ilə bağlı Bakıxanov bələdiyyəsindən bildirilib ki, parkda yerləşən əyləncə qurğuları bəzi hallarda sakinlər tərəfindən düzgün istifadə olunmadığı üçün tez-tez sıradan çıxır. Bununla belə, yararsız vəziyyətə düşən qurğuların mütəmadi olaraq təmir edildiyi və yenidən istifadəyə yararlı hala gətirildiyi qeyd olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər