Cəmiyyət
Məktəbdə ciddi nöqsanlar aşkarlandı: Direktor işdən çıxarıldı, məhkəmə qərarı qüvvədə saxladı
Laçın rayonunun Taxtakörpü tam orta ümumtəhsil məktəbində aparılan yoxlama zamanı müəssisənin fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb. Oxu.Az APA-ya istinadən xəbər verir ki, müəyyən edilmiş pozuntular əsasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 12 fevral 2026-cı il tarixli əmri ilə məktəbin direktoru Məmmədov Səxavətin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq xitam verilib. Sabiq direktor əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa olunması tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Lakin aparılan araşdırma nəticəsində iddia əsassız hesab olunaraq rədd edilib. Məhkəmə işəgötürən tərəfindən verilmiş əmrin qanunvericiliyin tələblərinə uyğun olduğunu müəyyən edib və əmək münasibətlərinə xitam verilməsi üçün hüquqi əsasların mövcudluğunu təsdiqləyib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi faktı APA-ya təsdiqləyib.
Mənbə
oxu.az