Digər

Hərbi sənayedə Avropanın pozulan planları Türkiyə üçün fürsətə çevriləcək? - VİDEO

16 Jun 2026, 01:40 3 baxış
Hərbi sənayedə Avropanın pozulan planları Türkiyə üçün fürsətə çevriləcək? - VİDEO
Baku TV-də "Hərbi xronika" verilişinin budəfəki buraxılışında Avropanın iri birgə müdafiə layihələrinin uğursuzluğu və bunun müdafiə sənayesinə mümkün təsirləri barədə məlumat verilib. Bildirilib ki, Fransa, Almaniya və İspaniyanın həyata keçirdiyi "Future Combat Air System" (FCAS) layihəsi texnologiyaların, patentlərin və gəlirlərin bölüşdürülməsi ilə bağlı fikir ayrılıqları səbəbindən faktiki olaraq dayanıb. Layihə 6-cı nəsil döyüş təyyarəsi, pilotsuz müşayiətçi aparatları və süni intellektlə idarə olunan vahid hava döyüş sisteminin yaradılmasını nəzərdə tuturdu. Fransa və Almaniyanın birgə həyata keçirdiyi "Main Ground Combat System" (MGCS) tank proqramının da oxşar səbəblərlə çıxılmaz vəziyyətə düşdüyü qeyd olunub.
Vurğulanıb ki, bu uğursuzluqlar Avropada vahid müdafiə sənayesi modelinin formalaşmasını çətinləşdirə, milli proqramlar arasında rəqabəti gücləndirə və yeni silah sistemlərinin hazırlanmasını daha baha və uzunmüddətli edə bilər. Əsas maneələr kimi şirkətlər arasında rəhbərlik uğrunda mübarizə, fərqli hərbi tələblər və texnologiyaların paylaşılması göstərilir. Sonda qeyd olunub ki, Avropadakı problemlər Türkiyə kimi milli müdafiə sənayesini inkişaf etdirən ölkələr üçün əlavə imkanlar yarada bilər. Xüsusilə ALTAY tankı və KAAN qırıcısının kütləvi istehsalına uğurla keçməsi onların beynəlxalq bazarda rəqabət qabiliyyətini daha da artıra bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər