Ruslan Eldaroğlu orqanlarını bağışlayacaq
Tanınmış jurnalist Ruslan Eldaroğlu orqanlarını bağışlayacaq.
Axar.az xəbər verir ki, bu barədə journalist sosial şəbəkə hesabında paylaşım edib.
“Bu gün Azərbaycanda minlərlə insan yeni bir həyat şansı gözləyir. Onlar üçün orqan bağışı sadəcə tibbi prosedur deyil, yaşamaq ümidi, sabaha uzanan bir körpüdür.
Orqan bağışı insanın özündən sonra da həyat verməyə davam etməsinin ən ali nümunələrindən biridir. Bir donor bir neçə insanın həyatını xilas edə, onlarla ailəyə yenidən sevinc və ümid bəxş edə bilər.
Son dövrlərdə yaşadığım sağlamlıq problemləri, keçirdiyim ağır avtomobil qəzasının yaratdığı fiziki çətinliklər, eləcə də ölkəmizdə orqan transplantasiyası sahəsində müşahidə olunan inkişaf, xüsusən də uğurla həyata keçirilən ürək köçürülməsi əməliyyatları məni bu qərarı verməyə sövq edən əsas amillər oldu.
Mən də rəsmi şəkildə bütün orqanlarımı bağışlamaq barədə qərar vermişəm.
Bu qərarı qəbul edərkən düşündüm ki, bir gün mənim artıq ehtiyac duymadığım bir orqan başqa bir insanın həyata yenidən tutunmasına, bir ailənin sevincinə, bir övladın valideyninə, bir valideynin övladına qovuşmasına səbəb ola bilər.
Bəzən tək bir qərar bir insanın deyil, bir neçə insanın taleyini dəyişir. Həyat paylaşdıqca çoxalır. Orqan bağışı isə həyatın ən dəyərli, ən mənalı paylaşımıdır.
Ümid edirəm ki, mənim bu qərarım da cəmiyyətimizdə orqan bağışı ilə bağlı maariflənməyə və daha çox insanın həyatına ümid olmağa töhfə verəcək", - o qeyd edib.