Cəmiyyət

Dövlətçiliyimizin 4 mərhələsi: ...Qurtuluş və Quruluş

14 Jun 2026, 11:32 1 baxış
Dövlətçiliyimizin 4 mərhələsi: ...Qurtuluş və Quruluş

Azərbaycan dövlətçiliyinin xarakterini biz 4 istiqamətdə-mərhələdə götürə bilərik. Birinci istiqamət Azərbaycan dövlətinin qurulmasıdır. Bu quruluşun da əsas mahiyyəti bizim dövlətçiliyin təməlinin atılması olub.


İkincisi, Azərbaycanda milli dövlətçilik şüurunun dirçəlməsinə xidmət edən Milli Dirçəliş mərhələsidir. Bu da milli azadlıq hərəkatı ilə bağlıdır. Mərhələnin sonu isə Azərbaycan müstəqilliyinin bərpa olunması ilə yekunlaşıb.


Üçüncüsü, Milli Qurtuluş - bərpa olunmuş müstəqilliyin qorunması, onun təhlükədən qurtarılmasıdır və bu, bilavasitə Heydər Əliyevin xidməti və onun hakimiyyətə gəlişi ilə bağlı məsələdir.


Dördüncüsü isə Azərbaycan dövlətinin Qurtuluşdan sonrakı Quruluş dönəmidir ki, bu da dövlət başçısı İlham Əliyevin və onun rəhbərliyi altında Qarabağın işğaldan azad olunmasından sonra başlayan və bu gün də davam edən prosesdir.


Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa bildirib.


F.Mustafanın sözlərinə görə, mərhələləri ard-arda sadaladıqca Azərbaycan dövlətinin bütövlüyünü və gəldiyi tarixi istiqamətləri daha dərindən anlaya bilərik:


“Hesab edirəm ki, Milli Qurtuluş Günü də Azərbaycanın suverenliyinin tam mənada bərpa olunmasına gətirən yolun başlanğıcıdır. Bu tarix və bu zəmin olmasa, torpaqlarımızı işğaldan azad etmək çox çətin və mümkünsüz olardı.


Buna görə də bu mərhələlərdə xidməti olan hər bir liderimiz, vətəndaşımız və azərbaycanlımız bizim üçün bir dəyərdir. Milli Qurtuluş Günü də Azərbaycan dövlətinin böyük bir təhlükədən xilas olunması tarixi kimi yaddaşlarda qalacaq. Bu səbəblə də dövlətimiz və cəmiyyətimiz bu hadisəni ən əhəmiyyətili hadisədən biri kimi qeyd edir”.


Deputat vurğulayıb ki, bütövlükdə Heydər Əliyevin qurduğu sistem və diplomatik qabiliyyət bütün proseslərdə nəticələrin Azərbaycanın xeyrinə həll olunmasında, həmçinin Qarabağın de-yure Azərbaycandan alınması cəhdinin qarşısının alınmasında müstəsna rol oynadı.

Mənbə axar.az

Oxşar Xəbərlər