Dünya
Avropa İttifaqına qəbul qaydaları dəyişə bilər: Məhdudiyyətlər planlaşdırılır
Almaniya, Fransa, Niderland, Belçika və Lüksemburq Avropa İttifaqının gələcək yeni üzvləri üçün səsvermə hüququnu müvəqqəti məhdudlaşdırmağı təklif ediblər. Oxu.Az xəbər verir ki, müvafiq məlumatı sözügedən beş ölkənin hazırladığı ortaq sənədə istinadən "Reuters" agentliyi yayıb. Məlumata görə, təklifin təşəbbüskarları bu addımla birlik daxilində hüquqi normalara və qaydalara əməl edilməsi üzərində nəzarəti daha da artırmağı hədəfləyirlər. Bu məsələnin müzakirəyə çıxarılmasına əsas səbəb Monteneqro, Albaniya, Ukrayna və Moldovanın Avropa İttifaqına (Aİ) daxil olma prosesini sürətləndirmək planları olub. Avropa ölkələrinin hökumətləri yeni üzvlərin qəbulu qaydalarını dəyişməyin lazım olub-olmadığını müzakirə ediblər. Sənəddə KİV azadlığı ilə bağlı ciddi problemlər halında yeni nəzarət mexanizmi və müdafiə tədbirlərindən bəhs edilir. Beş ölkə yazıb ki, Aİ yeni üzvlər üçün büdcə və xarici siyasət məsələlərində - hələlik yekdillik tələb olunan sahələrdə - səsvermə hüququnun müvəqqəti məhdudlaşdırılmasını müzakirə etməlidir. Qeyd edək ki, hazırda Aİ Şurasının sədri olan Kipr Moldova və Ukrayna ilə hüququn aliliyi mövzusunda müvafiq danışıqlar aparmaq üçün hazırlıqlara start verib. Estoniya hökumətinin başçısı Kristen Mixal isə Volodimir Zelenski ilə təşkil edilən görüş zamanı Ukraynanın üzvlük üçün tələb olunan altı mərhələnin hamısından ləngimədən keçməli olduğunu vurğulayıb.
Mənbə
oxu.az