Dünya
Ermənistanda səslərin yenidən sayılması prosesi başlayıb: Seçkinin nəticələri dəyişəcəkmi?
Ermənistanda dairə seçki komissiyalarında (DSK) bəzi bölgələrdə səslərin yenidən sayılması prosesi başlayıb və bu da canlı efirdə yayımlanıb. Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, 38 DSK-dan 21-nə yenidən sayım üçün müraciət daxil olmayıb. Qalan 17 DSK-ya Çiçəklənən Ermənistan Partiyasının, Birlik Qanadları Partiyasının və "Ermənistan" blokunun etibarlı şəxsləri və namizədlərindən ümumilikdə 30 müraciət daxil olub. Ümumilikdə 555 seçki məntəqəsinə yenidən sayım üçün müraciətlər daxil olub. Xatırladaq ki, yenidən sayma DSK-ların binalarında canlı efirdə həyata keçirilir və bu iclaslarda iştirak etmək hüququ olan şəxslər - akkreditə olunmuş KİV nümayəndələri, akkreditə olunmuş müşahidə missiyalarının nümayəndələri, seçkilərdə iştirak edən partiyaların/blokların səlahiyyətli nümayəndələri, etibarlı şəxslər, namizədlər və MSK tərəfindən verilmiş şəxsiyyət vəsiqəsi və şəxsiyyəti təsdiq edən sənədlə səlahiyyətlilər üçün açıqdır. Dairə seçki komissiyalarına seçki məntəqələrində səsvermə nəticələrinin etibarsız sayılması ilə bağlı heç bir müraciət daxil olmayıb.
Mənbə
oxu.az