Dünya
Trampın təsviri olan 250 dollarlıq yeni əskinasın buraxılması təklif edildi - FOTO
Ağ Ev rəsmiləri Donald Trampın təsviri ilə 250 dollar nominalında yeni əskinasın hazırlanmasında təkid edirlər. Bu təşəbbüs uğurla həyata keçirilərsə, Tramp son 150 il ərzində sağlığında dollar əskinasına fotosu həkk edilən ilk şəxs olacaq. Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti özəl mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, təşəbbüsün müəllifləri xəzinədar Brendon Biç və onun müşaviri Mayk Braundur. Onlar tabeliklərindəki Qravüra və Çap Bürosuna əskinasın tədavülə buraxılması üçün təzyiq göstərirlər. Qeyd olunur ki, məmurlar hətta maketlər də təqdim ediblər. Nümunələrdən birində Trampın siması 250 dollarlıq əskinasın mərkəzində, ABŞ prezidentinin və maliyyə naziri Skott Bessentin imzalarının yanında əks olunub. Maketin müəllifi britaniyalı rəssam İen Aleksandr WP-yə belə halın mövcudluğunu təsdiqləyib. O, hətta Trampla əskinasın dizaynına dəyişikliklərin edilməsi - ABŞ bayrağının rənglərinin və Birləşmiş Ştatların yaranmasının 250 illiyi loqotipinin əlavə olunması mövzusunda söhbət etdiyini bildirib. ABŞ valyutasında müasirlərdən heç kim 1866-cı ildən bəri əks olunmayıb. Trampın təsvirinin çapına icazə verə biləcək qanun layihəsi 2025-ci ildən ABŞ Konqresinin müzakirəsindədir. "Büronun əməkdaşları dəfələrlə bildiriblər ki, çoxsaylı hüquqi və prosedur incəliklərə görə əskinasın hazırlanması bir neçə il vaxt aparır. Daha əvvəl ABŞ Maliyyə Nazirliyi ABŞ prezidenti Donald Trampın və maliyyə naziri Skott Bessentin imzalarının ABŞ-nin yaranmasının 250 illiyinə həsr olunaraq Amerika dollarlarında yerləşdirilməsi planlarını elan etmişdi. Bu, tarixdə fəaliyyətdə olan prezidentin imzasının valyutada görünəcəyi ilk hal olacaq", - qəzet yazıb.
Mənbə
oxu.az