Dünya
Spirtli içkinin ən zərərli tərkib hissəsi nədir? - Rusiyalı həkimdən xəbərdarlıq
İstənilən alkoqollu içkinin tərkibində etanol var və bu maddə, növündən asılı olmayaraq, orqanizmdə eyni dərəcədə zərərli vərdiş və asılılıq yaradır. xəbər verir ki, bu barədə "Lenta.ru" nəşrinə müsahibəsində rusiyalı psixiatr və narkoloq Ruslan İsayev xəbərdarlıq edib. Ekspertin sözlərinə görə, cəmiyyətdə ən yüksək risk qrupuna çox vaxt tünd alkoqollu içkilər (araq, viski, konyak və s.) daxil edilir. Çünki tərkibində yüksək etanol konsentrasiyası olan içkilər qanda spirt səviyyəsinin sürətlə artmasına və qısa müddətdə kəskin sərxoşluğa səbəb olur. Nəticədə beyin alkoqol qəbulunu dərhal rahatlama və eyforiya hissi ilə əlaqələndirir ki, bu da asılılıq mexanizmini sürətləndirir. Narkoloq müxtəlif içki növlərinin yaratdığı gizli təhlükələri belə qruplaşdırıb: "Pivə və şərab da eyni dərəcədə ciddi problem yaradır. Bu iki içki çox vaxt sosial cəhətdən məqbul və ya reallıqdan uzaq olaraq "təhlükəsiz" spirtli içki kimi qəbul edilir ki, bu da insanların psixoloji ayıqlığını azaldır. Nəticədə spirtli içki qəbulu müntəzəm hala gələrək gündəlik həyata inteqrasiya edir: axşamlar bir qədəh şərab və ya işdən sonra bir şüşə pivə ilə istirahət etmək vərdişi yaranır. Neyrobioloji nöqteyi-nəzərdən asılılıq təkcə sərxoşluğun gücü ilə deyil, həm də bu ritualın, yəni eyni ssenarinin tez-tez təkrarlanması ilə formalaşır. Beyin üçün asılılıq riski baxımından "təhlükəsiz" alkoqollu içki yoxdur: etanol necə təqdim edilməsindən asılı olmayaraq eyni psixoaktiv maddədir". Həkimin sözlərinə görə, şirin kokteyllər və alkoqollu enerji içkiləri orqanizm üçün ayrıca bir təhdiddir: "Tərkibindəki şəkər, dadlandırıcı əlavələr və stimullaşdırıcılar etanolun kəskin təsirlərini maskalayır. Bu səbəbdən insan subyektiv olaraq güclü sərxoş olduğunu hiss etmir və normadan daha çox içki qəbul edir. Belə vəziyyət isə orqanizmin kəskin zəhərlənməsi də daxil olmaqla, toksiki təsir riskini və asılılıq yaradan davranışların formalaşmasını qaçılmaz edir", - deyə həkim əlavə edib.
Mənbə
oxu.az