Dünya
İranlı rejissor Cəfər Pənahi yenidən məhkəmə qarşısına çıxacaq
"Oskar" mükafatına namizəd olmuş iranlı rejissor Cəfər Pənahi yenidən İran məhkəməsi qarşısına çıxacaq. Oxu.Az xəbər verir ki, bu barədə "The Hollywood Reporter" məlumat yayıb. Rejissor hakimiyyət əleyhinə təbliğatda ittiham olunur. Məhkəmə daha əvvəl Cəfər Pənahinin qiyabi şəkildə bir il həbs və iki il kino fəaliyyəti qadağası ilə nəticələnən işinə yenidən baxılmasını təyin edib. İşin hansı əsaslarla yenidən araşdırılacağı açıqlanmayıb. Dinləmənin mayın 20-də keçiriləcəyi bildirilib. Əvvəlki hökm çıxarılan zaman rejissor ölkə xaricində olub və Kann Film Festivalında "Qızıl Palma budağı" mükafatı alan, həmçinin "Oskar"a namizəd göstərilən "Sadə təsadüf" filmini təqdim edib. Mükafat mövsümündən sonra Cəfər Pənahi İrana qayıdıb. Rejissor 2022-2023-cü illərdə hökumət əleyhinə fəaliyyət ittihamı ilə Tehranda 86 gün həbsdə saxlanılıb. O, iki iranlı rejissor həmkarının azadlığa buraxılması tələbi ilə keçirilən aksiyada iştirak etdiyinə görə həbs olunmuşdu. Cəfər Pənahi aclıq aksiyasından və uğurlu apellyasiyadan sonra azadlığa buraxılmışdı.
Mənbə
oxu.az