İdman

İçəridən çalxalanan "kral klubu" - "Real Madrid"in problemləri necə həll oluna bilər?

18 May 2026, 02:00 1 baxış
İçəridən çalxalanan "kral klubu" - "Real Madrid"in problemləri necə həll oluna bilər?
"Real Madrid" haqqında illər boyu formalaşan bir fikir var ki, bu klub nə qədər çətin vəziyyətə düşsə də, daxildəki nizam-intizam və qalib mentaliteti onu yenidən zirvəyə qaytarır. Çünki Madrid təmsilçisi futbol tarixinin ən böyük hakimiyyət simvollarından biridir. Lakin son iki mövsümdə yaşananlar göstərir ki, "kral klubu"nun böyük çatlara səbəb olan yüksək amplitudalı yırğalanma yaşanır. Problem yalnız nəticələr və sırf taktiki məsələlər deyil. Komandanın daxilindəki atmosfer, futbolçular arasındakı münasibətlər korlanıb, idarəetmə modeli çöküb. "Real Madrid" belə demək olarsa, müxtəlif eqo mərkəzlərinin toqquşduğu arenaya çevrilib. Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Titulsuz iki il Bir neçə il əvvəl Çempionlar Liqasının dəyişməz favoriti olan Madrid təmsilçisi ardıcıl ikinci mövsümü titulsuz başa vurmağa hazırlaşır. Özü də təkcə Avropada yox, elə İspaniyanın özündə də. "Blankos" üçün adəti üzrə əsas müqayisə predmeti əzəli rəqib "Barselona"dır. "Blauqrana" isə getdikcə üstünlüyü ələ almaqdadır. Kataloniyalılar La Liqanın son turunda "El-Klasiko"dakı qələbə ilə çempionluğu vaxtından əvvəl təmin etdilər, əzəli rəqibin gözləri qarşısında tarixi qələbənin dadını çıxardılar. Əvəzində, Madrid tərəfi daxili qalmaqallarla gündəmdədir.
Mövsümün əvvəlində Xabi Alonso ilə başlayan yeni layihə azarkeşlərdə ümid yaratmışdı. Gənc məşqçi müasir futbol anlayışı, taktiki çevikliyi və klubun ruhuna bələd olması səbəbi ilə ideal seçim kimi görünürdü. Lakin problemin məşqçidə olmadığı və çarənin məşqçi dəyişməklə tapılmayacağının aydınlaşması üçün elə də çox vaxta ehtiyac olmadı. "Santyaqo Bernabeu" stadionunun paltardəyişmə otağında tamamilə başqa bir güc - futbolçu eqoları formalaşıb və məşqçilər bunun öhdəsindən gəlməyi bacarmırlar. Xabi Alonso gedir, Alvaro Arbeloa gəlir, amma nəticə dəyişmir. Klub rəhbərliyi illərdir futbolçulara verdiyi limitsiz səlahiyyətlərin əvəzini ağır şəkildə qaytarır. Paltardəyişmə otağına atılan "atom bombası" Bir çox futbol ekspertinə görə, böhranın başlanğıc nöqtəsi Kilian Mbappe transferidir. Şübhəsiz ki, fransız hücumçu dünyanın ən istedadlı futbolçularından biridir. Amma futbol tarixində belə transferlərin kollektiv daxilində balansı dağıda bildiyinə dair çoxlu nümunə var. Düzdür, Mbappenin gəlişindən əvvəl də komandada ulduzlar az deyildi, lakin kollektiv daha harmonik görünürdü. Karlo Ançelotti paltardəyişmə otağını idarə edə bilir, futbolçular arasındakı balansı qoruyurdu. Lakin Mbappenin komandaya qoşulması ilə çox şey dəyişdi.
Yayılan xəbərlərdə klub daxilində iki əsas düşərgənin formalaşdığı iddia olunur. Futbolçuların bir qismi Mbappe, digər hissəsi Vinisius Juniorun tərəfində "yaraqlanıblar". İlk vaxtlar bu, nəticələrə bir o qədər təsir etməsə də, hazırda bu qarşıdurma meydanda aşkar hiss olunur. Bir-birini xəstəxanalıq edən futbolçular Madrid düşərgəsində baş verən son hadisələri qəzetlər idman səhifəsində deyil, kriminal xəbərlərin arasında versələr, heç də "barıtını çox etmiş" olmazlar. Məşqlərdə yaşanan davalar və məşqçilərə qarşı getdikcə artan hörmətsizlik halları komandanın nə qədər nəzarətdən çıxdığının əsas göstəricisidir. Antonio Rüdigerin məşqdə komanda yoldaşına sillə vurduğu iddiası, futbolçuların köməkçi məşqçilərə, hətta Arbeloanın özünə saymazyana münasibəti, nəhayət, Orelyen Tçuameni ilə Federiko Valverde arasındakı dava böhranın pik nöqtəsidir. Uruqvaylı oyunçunun başından xəsarət alaraq xəstəxanaya aparılması barədə yayılan məlumatlar futbol ictimaiyyətində şok effekti yaratdı.
Florentino Peresin çətin imtahanı Madrid klubunun prezidenti Florentino Peres futbol dünyasının ən güclü rəhbərlərindən biri hesab olunur. Onun dövründə paytaxt təmsilçisi həm maliyyə, həm də idman baxımından böyük imperiyaya çevrildi. "Qalaktikos" layihələri, fantastik məbləğlərə dünya ulduzlarının transferi və qazanılan kuboklar Peresi klub tarixinin ən böyük prezidentlərindən biri adlandırmaq üçün kifayətdir. Lakin tarix göstərir ki, imperiyalar bəzən məhz öz yaratdıqları güclərin qurbanına çevrilirlər. Peres də futbolçulara çox böyük təsir gücü verib. İndi isə həmin oyunçular məşqçiləri ciddi qəbul etmirlər. Məşqçilərin tez-tez dəyişməsi vəziyyəti daha da ağırlaşdırır. Oyunçular anlayırlar ki, son qərarı verən məşqçilər deyil, rəhbərlikdir. Belə şəraitdə çalışdırıcının avtoritet olması az qala mümkünsüzdur. Çarə Mourinyodur? Bu xaosun fonunda ən çox müzakirə olunan ad Joze Mourinyodur. Portuqaliyalı mütəxəssis uzun illər əvvəl "Real Madrid"də işləyərkən sərt xarakteri, nizam-intizamı və idarəçiliyi ilə diqqət çəkmişdi. Düzdür, əksəriyyət fikirləşir ki, o, əvvəlki taktiki gücündə deyil. Son illərdə Mourinyo işlədiyi klublarda gözlənilən uğurları qazana bilməyib. Amma mütəxəssisin hələ də dəyişməyən bir xüsusiyyəti var: o, paltardəyişmə otağına nəzarət etməyi bacarır. Məhz buna görə Florentino Peres eqolu oyunçuları ram edə biləcək "diktatoru" Madridə qaytarmaq istəyir.
İddialara görə, Mourinyo kluba qayıtmaq üçün geniş səlahiyyət tələb edir. O, heyətə müdaxilə edilməməsini, tibbi heyətin dəyişdirilməsini və bəzi futbolçuların göndərilməsini istəyir. Mütəxəssis açıq-aydın tam nəzarət iddiasındadır və bu, artıq indidən futbolçulara verilən gözdağı hesab olunur. "Real Madrid" tarix boyu çoxlu böhranlardan çıxmağı bacarıb. Bu dəfə problem nəticələrdən çox klubun strukturunda görünür. Peres bu yay ciddi qərarlar verməlidir. Klub daxilində intizamın bərpa olunması zərurətə çevrilib. Əks halda, "Santyaqo Bernabeu"nun divarları yaxın illərdə daha böyük böhranların şahidi ola bilər.
İçəridən çalxalanan "kral klubu" - "Real Madrid"in problemləri necə həll oluna bilər? İçəridən çalxalanan "kral klubu" - "Real Madrid"in problemləri necə həll oluna bilər? İçəridən çalxalanan "kral klubu" - "Real Madrid"in problemləri necə həll oluna bilər? İçəridən çalxalanan "kral klubu" - "Real Madrid"in problemləri necə həll oluna bilər? İçəridən çalxalanan "kral klubu" - "Real Madrid"in problemləri necə həll oluna bilər?
Mənbə oxu.az

Oxşar Xəbərlər