Cəmiyyət

Şəhərlərin inkişafında kritik rol oynayan sahə açıqlandı

17 May 2026, 16:06 4 baxış
Şəhərlərin inkişafında kritik rol oynayan sahə açıqlandı
"Kommunal xidmət müəssisələri şəhərlərin dayanıqlı inkişafında əsas rol oynayır. Güclü yerli xidmət sistemləri həm təmiz su və sanitariyaya dair Dayanıqlı İnkişaf Məqsədi 6-nın, həm də davamlı şəhər və icmalara dair Məqsəd 11-in icrasını sürətləndirir". Bu fikirləri Oxu.Az-a açıqlamasında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax deyib. O bildirib ki, kommunal xidmət müəssisələri köhnəlmiş infrastruktur, maliyyə çatışmazlığı, sürətli urbanizasiya və iqlim dəyişikliyi kimi ciddi çağırışlarla üzləşirlər: "Su və sanitariya hüququnun təmin olunması, eləcə də hər kəs üçün layiqli mənzil və əsas xidmətlərin əlçatan olması üçün kommunal xidmət operatorları arasında əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. GEOPA artıq 17 ildir ki, "operatorlar operatorlara dəstək olur" prinsipini təşviq edir. 2025-ci ildə təşkilatın dəstəyi ilə 42 aktiv tərəfdaşlıq həyata keçirilib və nəticədə 260 mindən çox insanın su və sanitariya xidmətlərinə çıxışı yaxşılaşıb". Rossbax qeyd edib ki, kommunal xidmət müəssisələrinin uğuru peşəkar operatorlardan, onları dəstəkləyən siyasətlərdən, kifayət qədər maliyyələşmədən və uzunmüddətli tərəfdaşlıqlardan asılıdır: "Hazırlanmaqda olan yeni qlobal strategiya kommunal xidmət müəssisələrinin dayanıqlığını gücləndirəcək, operatorlar arasında həmrəyliyi artıracaq və su ilə sanitariya məsələlərini qlobal şəhərsalma və inkişaf gündəliyində daha da ön plana çıxaracaq".
Mənbə oxu.az

Oxşar Xəbərlər