Ermənistanda həbslər: Karapetyanın adamları saxlanıldı
Ermənistanda parlament seçkiləri öncəsi rusiyalı oliqarx Samvel Karapetyanın 10 tərəfdarı saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
“Bir neçə ərazidə Baş nazir Nikol Paşinyanın Mülki Müqavilə Partiyasının seçki kampaniyasını pozmağa cəhd göstərdikləri üçün rusiyalı iş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" blokunun 10 tərəfdarı saxlanılıb”, - məlumatda qeyd olunub.
Məlumata görə, mayın 16-da "Güclü Ermənistan" blokunun tərəfdarları avtomobillərlə yolu bağlayaraq, Mülki Müqavilə Partiyasının təşviqat kampaniyasına mane olublar. Həmçinin yolda yüksək səslə musiqi səsləndirib və kampaniya iştirakçılarına qarşı zorakılıq tətbiq edərək onların təşviqat fəaliyyətinə imkan verməyiblər.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.