Cəmiyyət
Qadınların təhlükəsizliyi ilə bağlı həyəcan siqnalı: "Hücuma məruz qala bilərlər"
"Qeyri-rəsmi məskunlaşmaların, yəni bir çox ölkələrdə "gecəqondular" adlandırdığımız ərazilərin çox olduğu yerlərdə təhlükəsizlik problemləri yaranır". Bu sözləri İqlim Ədaləti Uğrunda Qadınlar Beynəlxalq Təşkilatının prezidenti Ramatsobane Dorah Marema Oxu.Az-a açıqlamasında deyib. O bildirib ki, çox vaxt bu yaşayış məntəqələrində giriş imkanları məhdud olur: "Görünürlük zəifdir, yollar yoxdur, əraziyə çıxış çətindir. Həmçinin küçə işıqlandırması kifayət qədər olmur, sanitariya şəraiti zəif olur. Qadınlar gecə vaxtı ümumi sanitariya məntəqələrinə getmək üçün evdən çıxmalı olurlar və nəticədə onlar çox həssas vəziyyətə düşürlər, çünki hücuma məruz qala bilərlər". Dorah Marema əlavə edib ki, dünyamız çox sürətlə urbanizasiya olunur: "Çox sayda insan şəhər mərkəzlərinə köçür və bu da şəhərlərin təqdim edə bildiyi xidmətlərə ciddi təzyiq yaradır. İnsanların bir çoxunun hələ də rəsmi yaşayış sahələrinə çıxışı yoxdur və buna görə də onlar bataqlıqlar, çay kənarları və buna bənzər həssas ərazilərdə məskunlaşırlar. Və bu gün olduğu kimi yağış yağanda onların evləri, yaşayış məntəqələri zərər görür. Buna görə də biz bir araya gəlməli, şəhərlərdə yaşayan və şəhərləri idarə edən insanlar olaraq təcrübələri və ən yaxşı yanaşmaları bir-birimizlə paylaşmalıyıq".
Mənbə
oxu.az