Cəmiyyət
UN-Habitat nümayəndəsi: "Bakının şəhərsalma təcrübəsi Afrika ölkələri üçün faydalı ola bilər"
"Bakının şəhərsalma və urban inkişaf sahəsində qazandığı təcrübə Afrika ölkələri üçün də faydalı ola bilər". Bu fikirləri Oxu.Az-a açıqlamasında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Konqo Demokratik Respublikası üzrə nümayəndəsi Mohamed Coulibaly Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində deyib. O bildirib ki, forumda iştirak etmək onun üçün böyük məmnunluqdur: "Bu tədbirdən əsas gözləntim beynəlxalq iştirakçılarla və Azərbaycan nümayəndələri ilə məhsuldar müzakirələrin aparılmasıdır. Bakı çox yaxşı inkişaf etmiş və planlı şəkildə qurulmuş şəhərdir. Bu da Azərbaycanın şəhərsalma və urban inkişaf sahəsində zəngin təcrübəyə malik olduğunu göstərir". M.Coulibaly qeyd edib ki, forum çərçivəsində şəhərsalma mütəxəssisləri və yerli idarəetmə nümayəndələri ilə fikir mübadiləsi aparmaq Afrika ölkələri ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsinə, bilik və təcrübə mübadiləsinin genişlənməsinə töhfə verəcək: "Bu əməkdaşlıq şəhərlərin daha dayanıqlı və səmərəli inkişafı baxımından hər iki tərəf üçün faydalı olacaq".
Mənbə
oxu.az