Cəmiyyət

Azərbaycanda mənzil təminatı: Sosial inklüzivlik və dayanıqlı urbanizasiya modeli - FOTO - VİDEO

14 May 2026, 15:54 2 baxış
Azərbaycanda mənzil təminatı: Sosial inklüzivlik və dayanıqlı urbanizasiya modeli - FOTO - VİDEO
"Bizim evimiz sadəcə iki otaqdan ibarət deyil, bura sanki dünyaları sığdırdığımız böyük bir aləmdir. Bağça, məktəb yaxınlıqda yerləşir. Qızımı bağçaya ötürüb, oğlumun oyun meydançasındakı şıltaqlıqlarını izləmək mənə xoş təsir bağışlayır. Mağazaya, iaşə obyektlərinə piyada getmək vaxtı tıxaclarda deyil, ailəmlə keçirmək deməkdir. Bura bizim ailənin arzularının çiçək açdığı yaşam məkanıdır". Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu sözləri satmaq öhdəliyi ilə kirayə mexanizmindən yararlanaraq mənzil sahibi olan ailənin xanımı Çinarə Məmmədova deyib. Çinarə xanımın həyat yoldaşı Elvin Muxtarov deyir ki, onlar kirayə üsulu ilə mənzil şəraitini yaxşılaşdırmış minlərlə ailədən biridirlər: "Evlənərkən ölkəmizdə güzəştli şərtlərlə mənzil təminatı imkanlarını araşdırdıq. Düşündük ki, bizə ən uyğun olanı bu layihədir - cəmi 12 aylıq kirayə haqqını qabaqcadan ödəmək kifayət edir ki, təmirli mənzilinə köçə biləsən. Artıq üç ildir bu mənzildə yaşayırıq və şəraitimizdən çox razıyıq". Cənubi Qafqazda ilk Satmaq öhdəliyi ilə kirayə mexanizmi Azərbaycanda tətbiq edilən ən "gənc" yaşayış maliyyəsi alətidir. İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) həyata keçirdiyi bu mexanizmin cəmi yeddi yaşı var. Bu model uzunmüddətli və sabit ödəniş şərtləri ilə ailələrin maliyyə planlamasını asanlaşdırır və onları bazardakı qiymət artımlarının təsirindən qoruyur. Eyni zamanda, mexanizm gənclər və gənc ailələrin mənzil əldə etməsini daha çevik və əlçatan prosesə çevirir. İKZF-nin Kirayə mənzil departamentinin direktor müavini Aslan Zeynalov konkret statistik rəqəmləri və üstünlükləri diqqətə çatdırır: "Satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi Azərbaycan Prezidenti İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli Fərmanı ilə yaradılıb və vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması üçün əlavə imkanlar açır. Mexanizmin məqsədi şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil təminatını yaxşılaşdırmaqdan ibarətdir. Qısa müddət ərzində bu mexanizm vasitəsilə 9.3 mindən çox ailə özünün yaşayış şəraitini yaxşılaşdırıb. Təkcə 2025-ci ildə mexanizm çərçivəsində ümumilikdə 2 813 kirayə müqaviləsi rəsmiləşdirilib ki, bu da 2024-cü ilin analoji göstəricisi ilə müqayisədə 50%-dən çoxdur".
Fond rəsmisi bildirib ki, müasir standartlara cavab verən və tam təmirli kirayə mənzillərdən yararlananların 60%-dən çoxunu gənclər və gənc ailələr təşkil edir: "İndiyədək əhaliyə Bakı (səkkiz ünvanda), Sumqayıt (üç ünvanda) şəhərləri və Abşeron (altı ünvanda) rayonu üzrə 17 müxtəlif ünvanda satmaq öhdəliyi ilə kirayə mənzillər təklif edilib".
Satmaq öhdəliyi ilə kirayə üsulunu əlverişli edən məqamlardan biri də bu mexanizmin ayrı-ayrı imtiyazlı kateqoriyalara deyil, rəsmi gəliri olan bütün vətəndaşlara şamil edilməsidir. Yetər ki, müraciət edən şəxs kifayət qədər yumşaq qiymətləndirmə tələblərinə uyğun gəlsin. A.Zeynalov vurğulayıb ki, layihə əhali arasında tanındıqca ona tələbat da durmadan artır: "Qeyd etmək lazımdır ki, kirayə mənzil mexanizminə maraq ildən-ilə artmaqdadır. Bunu statistik rəqəmlərdən də görmək mümkündür. Təkcə 2025-ci ildə 30 mindən çox elektron müraciət daxil olub, bu isə 2024-cü ilə nisbətən iki dəfədən çoxdur. Məlum olduğu üzrə, kirayə mənzillər vətəndaşlara uzunmüddətli, yəni 25 il müddətinə sabit aylıq ödəniş şərti ilə verilir. Bu mexanizmin ən mühüm üstünlüklərindən biri müqavilə bağlanarkən müəyyən edilən aylıq ödəniş məbləğinin kirayə müddəti ərzində dəyişməz olaraq qalmasıdır. Halbuki daşınmaz əmlak bazarında qiymətlərin davamlı artım tendensiyası müşahidə olunur və bu artım kirayə bazarına da birbaşa təsir edir. Kirayə mənzil mexanizmi isə vətəndaşları bu cür təsirlərdən qoruyur və nəticədə baş verə biləcək qiymət artımı risklərindən sığortalamış olur. Bu isə orta və aşağı gəlirli ailələr üçün uzunmüddətli sosial və iqtisadi təhlükəsizlik yaradır. Digər bir mühüm üstünlük ondan ibarətdir ki, kirayə mənzil mexanizmi vətəndaşların öz şəxsi yığımlarından daha səmərəli istifadə etmələrinə imkan yaradır. Nəzərə alsaq ki, vətəndaşlar uzun müddət vəsait toplayaraq mənzil almağa çalışırlar, lakin bazar qiymətlərində davamlı artımlar nəticəsində həmin yığımların real dəyəri azalır".
Şəxsi yığımları ipoteka kreditinin ilkin ödənişi üçün kifayət edənlər isə bu alətdən faydalana bilirlər. Qeyd edək ki, Cənubi Qafqazda dövlətin birbaşa dəstəyi ilə ilk mütəşəkkil ipoteka kreditləşməsi sistemi məhz Azərbaycanda yaradılıb. Ölkə başçısının fərmanı ilə 2005-ci ildə yaradılan bu alət vasitəsilə indiyədək 58.4 mindən çox vətəndaşa 3.9 milyard manatdan artıq kredit verilib. Hazırda adi ipoteka kreditləri üzrə maksimal kredit məbləği 150 min manat, illik faiz dərəcəsi 8%, güzəştli ipoteka kreditləri üzrə isə maksimal məbləğ 100 min manat, faiz dərəcəsi 4% təşkil edir.
Dövlət sektoru ilə yanaşı, özəl sektorda çalışanlar da bu sistemdən faydalana bilirlər. Adi ipoteka kreditləri hesabına mənzillə təmin olunmuş vətəndaşların 43%-i özəl sektorda çalışanlardır.
Əlverişli şərtlər, münasib qiymətlər, mükəmməl infrastruktur Son 10 ildə Azərbaycanda əhalinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən siyasətdə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) mühüm rol oynayır. Agentliyin fəaliyyəti nəticəsində minlərlə ailə münasib qiymətə və əlverişli şərtlərlə yeni mənzillə təmin olunub. Həyata keçirilən layihələr yalnız paytaxtda deyil, regionlarda da insanların mənzil şəraitinin yaxşılaşdırılmasına töhfə verir.
"Ev sahibi olmaq istəyəndə ilk növbədə büdcəmizi və şərtləri düşündük. Cəmi 10% ilkin ödəniş etməklə arzumuza çatdıq. Bu baxımdan, bizim üçün çox yaxşı idi. Faizi aşağıdır, 4%-li güzəştli ipoteka kreditidir. Evin bazar qiymətindən xeyli aşağı olması bizim üçün əsl fürsət oldu", - bu sözləri MİDA-nın həyata keçirdiyi layihələrdən birində mənzil sahibi olan Firdovsi Alızadə deyir. Onun sözlərinə görə, bu, sadəcə yaşayış binalarından ibarət komplekslər deyil, sosial problemlərin həllinə yönəlmiş, çox müfəssəl düşünülmüş layihədir: "İnfrastruktur mükəmməldir. İctimai nəqliyyat sistemi çox yaxşı qurulub, işə asanlıqla çatırıq. Bir gənc ailə kimi belə müasir və rahat bir kompleksdə yaşamaq, həqiqətən, çox gözəl bir hissdir". MİDA-nın aparat rəhbəri Cəmşid Əmirov isə "Report"a açıqlamasında qeyd edib ki, Prezident İlham Əliyevin fərmanı ilə 2016-cı il aprel ayında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində son dərəcədə əhəmiyyətli bir addım olub: "Agentlik fəaliyyətə başladığı dövrdən etibarən Bakıda və regionlarda ümumilikdə 19 layihəyə start verib. Bunlardan 16-sı güzəştli mənzil layihəsi, üçü isə Qarabağa "Böyük Qayıdış" proqramı çərçivəsində həyata keçirilən layihələrdir". Aparat rəhbəri bildirib ki, hazırda səkkiz layihənin tikintisi tamamlanıb, səkkiz layihə üzrə işlər davam edir: "İnşası başa çatmış layihələrdə 12 minə yaxın mənzil, beş məktəb, doqquz uşaq bağçası, bir tibb mərkəzi və bir ticarət mərkəzi tikilib. Ümumilikdə isə agentliyin layihələri çərçivəsində 11 mindən çox ailə mənzil əldə edib. Vətəndaşlara təqdim olunan mənzillər tam təmirli olmaqla yanaşı, mətbəx mebeli, kombi isitmə sistemi və kommunal sayğaclarla təmin olunur. Mənzillərin satışı həm güzəştli ipoteka kreditləri, həm də vətəndaşların öz vəsaiti hesabına həyata keçirilir".
Hazırda icrası davam etdirilən layihələr çərçivəsində altı mindən çox mənzilin, iki məktəbin və beş uşaq bağçasının tikintisi nəzərdə tutulur. Eyni zamanda, Salyan şəhərində yeni torpaq sahəsi ayrılıb, digər regionlarda da monitorinqlər aparılır. MİDA rəsmisi vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə də genişmiqyaslı layihələr həyata keçirilir: "Füzuli yaşayış kompleksində 846 mənzil, Cəbrayıl yaşayış kompleksində isə 712 mənzil inşa olunub. Xocalıda isə 180 mənzildən ibarət 15 yaşayış binası əsaslı təmir edilib.
Böyük Qayıdış: çadır şəhərciklərindən müasir şəhərlərə Azad edilmiş ərazilərdən söz düşmüşkən, "Böyük Qayıdış" proqramının icrası çətin şəraitdə yaşayan onminlərlə keçmiş məcburi köçkünün qısa müddətdə doğma yurdlarında mənzillə təmin edilməsinə imkan verib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov açıqlamasında deyib ki, indiyədək azad edilmiş ərazilərə ümumilikdə 85 mindən çox insan məskunlaşıb: "Bu göstəriciyə yalnız keçmiş məcburi köçkünlər deyil, həm də bölgədə həyata keçirilən layihələrdə çalışan mütəxəssislər, müxtəlif dövlət qurumlarının yerli bölmələrində xidmət edən əməkdaşlar, eləcə də yenidən fəaliyyətə başlayan səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye və energetika müəssisələrində işləyən şəxslər daxildir. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ümumilikdə 41 yaşayış məntəqəsi tikilərək və ya bərpa edilərək istifadəyə verilib".
F.Hüseynov xatırladıb ki, Azərbaycan dövləti torpaqların Ermənistan tərəfindən işğal altında saxlanıldığı illərdə də məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirib: "2003-cü ildə prezident seçkisi ərəfəsində seçicilərlə ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə keçirən İlham Əliyev bu kateqoriyadan olan vətəndaşların vəziyyətinin yaxşılaşdırılması, onların problemlərinin həll olunması üçün zəruri tədbirlərin görüləcəyini bəyan edib, həmin görüşdə verilmiş vədlər vaxtından bir il əvvəl yerinə yetirilib". Sədr müavininin sözlərinə görə, görülən işlər nəticəsində 44 günlük Vətən müharibəsinə qədər yüzminlərlə məcburi köçkün yeni mənzillərlə təmin olunub: "Çadır düşərgələrinin, dəmir yolu üzərindəki yük vaqonlarından ibarət müvəqqəti yaşayış sahələrin və Fin tipli qəsəbələrin ləğvi məhz Prezident İlham Əliyevin birinci prezidentliyi dövründə başa çatdırılıb, məcburi köçkünlərin müasir standartlara cavab verən, zəruri sosial-texniki infrastrukturla təchiz olunmuş qəsəbələrə köçürülməsi geniş miqyas alıb. Görülən işlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi minimuma endirilib, 320 mindən çox məcburi köçkün 120-dən çox yeni müasir qəsəbələrdə mənzillərlə, evlərlə təmin edilib. Lakin həyata keçirilmiş bütün tədbirlərə baxmayaraq, hələ də ağır vəziyyətdə, qəzalı şəraitdə yaşayan ailələr qalmaqdadır".
Yeri gəlmişkən, bu gün işğaldan azad edilmiş ərazilərdə yenidən qurulan şəhər və kəndlərə qayıdışın təşkili zamanı məhz ağır vəziyyətdə yaşayan keçmiş məcburi köçkünlərin köçürülməsi prioritet təşkil edir. Həssas qruplara xüsusi qayğı Ümumiyyətlə, Azərbaycan dövlətinin sosial siyasətində həssas əhali qruplarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması xüsusi yer tutur. Bu mənada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin həyata keçirdiyi proqramlar şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və digər imtiyazlı kateqoriyaların rifahının yüksəldilməsinə xidmət edir.
Bu təşəbbüslər təkcə mənzil təminatı ilə məhdudlaşmır, eyni zamanda, onların cəmiyyətə inteqrasiyasını və həyat keyfiyyətinin yaxşılaşdırılmasını hədəfləyir. Genişmiqyaslı dəstək tədbirləri dövlətin sosial ədalət prinsipinə sadiqliyini nümayiş etdirir. ƏƏSMN-in tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Faiq Ağayev açıqlamasında bu sahədəki geniş dəstək paketindən bəhs edib: "Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, şəhid ailələri, uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər mənzillə təmin edilirlər. Eləcə də Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda həmin sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulub". Sədr müavini bildirib ki, Prezident İlham Əliyev tərəfindən həssas əhali qruplarından olan vətəndaşlarımıza hər zaman xüsusi qayğı göstərilir: "Dövlət başçısının göstərişi ilə postmüharibə dövründə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı nazirlik tərəfindən icra olunan sosial dəstək paketi çərçivəsində mənzil və fərdi evlə təminat proqramı beş dəfə genişlənib. Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 7 200, ümumən ötən dövrdə 16 min mənzil təqdim edilib. Həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 567, ümumilikdə ötən dövrdə isə 7 700 avtomobil təqdim edilib. Bu istiqamətdə işlər mütəmadi olaraq həyata keçirilir. Bu il də müvafiq kateqoriyalardan olan şəxslərin mənzil və avtomobillərlə təminatı sahəsində işlər davam etdirilir".
F.Ağayev qeyd edib ki, imtiyazlı kateqoriyadan olan şəxslərin mənzillə təminatı prosesi bütün ölkəni əhatə edir: "Əvvəlki illərdə bölgələrimizdə yaşayan vətəndaşlarımız üçün fərdi evlər inşa edilərək təqdim edilirdi. Hazırda isə növbədə olan vətəndaşlarımız üçün yaşadıqları şəhər və rayonlarda inşa edilən yeni yaşayış binalarından mənzillər alınaraq təqdim olunur. Ümumilikdə proses həm paytaxt, həm də rayonlarımızda paralel olaraq həyata keçirilir. Bu istiqamətdə görülən işlər uzunmüddətli sosial müdafiə siyasətinin dayanıqlılığına mühüm töhfə verir. Eyni zamanda, postmüharibə dövründə sosial dəstək paketinin tərkib hissəsi kimi mənzil təminatının dəfələrlə genişləndirilməsi dövlətin bu sahəyə strateji yanaşmasının göstəricisidir və növbədə olan bütün imtiyazlı şəxslərin mərhələli şəkildə mənzillə təmin olunmasını hədəfləyir". F.Ağayev qeyd edib ki, nazirlik tərəfindən icra olunan mənzil satışı proqramından əldə olunan vəsait ölkəmizin müxtəlif bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldilir: "Mənzil satışı proqramı çərçivəsində Bakının Ramana və Ümid qəsəbələrində, Abşeron və Samux rayonlarında yeni yaşayış binalarında olan 3 və 4 otaqlı, tam təmirli mənzillər satışa çıxarılıb. Bu mənzillərlə ms.sosial.gov.az portalı vasitəsilə tanış olmaq olar. Hər bir vətəndaş sayta daxil olaraq münasib qiymətə təklif edilən mənzilləri bron edə və ala bilər". Qlobal mənzil böhranı fonunda Azərbaycan modeli Ümumiyyətlə, qlobal miqyasda mənzil böhranı getdikcə daha kəskin və sistemli xarakter alır. Hazırda dünyada təxminən üç milyard insan adekvat və əlverişli mənzil təminatı ilə bağlı ciddi çətinliklər yaşayır, 1.1 milyard isə qeyri-rəsmi yaşayış məntəqələrində və gecəqondu ərazilərində yaşayır. Daha 300 milyondan çox dünya sakini birbaşa evsizlik problemi ilə üz-üzədir.
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və digər beynəlxalq təsisatların məlumatları göstərir ki, mövcud vəziyyət yalnız sosial deyil, eyni zamanda, səhiyyə, təhlükəsizlik və iqtisadi sabitlik baxımından da ciddi risklər yaradır. Mənzil şəraitinin qeyri-qənaətbəxş olması yoluxucu xəstəliklərin yayılma ehtimalını artırır, sosial bərabərsizliyi dərinləşdirir və əmək bazarında iştirak imkanlarını məhdudlaşdırır. Bundan başqa, sürətli urbanizasiya, əhali artımı, tikinti xərclərinin yüksəlməsi və torpaq resurslarının məhdudluğu qlobal mənzil böhranını daha da dərinləşdirən əsas amillərdəndir. Problemin xüsusiyyəti ondan ibarətdir ki, o, təkcə inkişaf etməkdə olan ölkələri deyil, eyni zamanda, inkişaf etmiş dövlətləri də əhatə edir. Belə bir qlobal fonda Azərbaycanda həyata keçirilən sosial və institusional tədbirlər uzunmüddətli dayanıqlı həllərin formalaşdırılmasına yönəlmiş strategiyanın tərkib hissəsidir. Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədri Nüsrət İbrahimov açıqlamasında deyib ki, Azərbaycan qlobal mənzil böhranının dərinləşdiyi bir zamanda sistemli və məqsədyönlü mənzil siyasəti ilə seçilir: "Dövlət dəstəyi mexanizmləri, sosial və güzəştli mənzil proqramları, vahid reyestrlərin və şəffaf seçim mexanizmlərinin tətbiqi mənzil təminatının institusional əsaslara söykənməsinə imkan yaradır. Bu, həm mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində vurğulanan "mənzil hüquq deyil, təmin olunmalı xidmətlər kompleksidir" yanaşmasına, həm də dünya miqyasında qəbul edilmiş sosial inklüzivlik prinsiplərinə uyğundur". AQP sədri vurğulayıb ki, sosial və əlçatan mənzil siyasətinin Azərbaycan modelində ən mühüm nəticəsi dayanıqlı şəhər inkişafına verdiyi töhfədir: "Sosial mənzil layihələri təkcə həssas qrupların daha keyfiyyətli yaşam şəraiti ilə təmin olunmasına deyil, həm də şəhərlərdə sosial qarışığın qorunmasına, yəni müəyyən qrupların periferiyaya sıxışdırılmasının qarşısının alınmasına xidmət edir. Bu praktika şəhərlərin urbanist strukturunda bərabərlik və sosial inteqrasiya baxımından WUF-un əsas hədəfləri ilə üst-üstə düşür". Palata sədrinin fikrincə, yeni yaşayış massivləri əvvəlki kimi spontan deyil, funksional zonalaşdırma, nəqliyyat əlaqələri, sosial infrastrukturun tutumu, yaşıllıq balansı və ekoloji yük nəzərə alınmaqla planlaşdırılır: "Bu, "yeni urbanizasiya" anlayışının tələblərinə uyğun olaraq insanların iş, istirahət, sosial xidmətlər və ictimai nəqliyyat məsafələrini optimallaşdırır, şəhərləri daha yaşayışyönümlü və rahat edir. Mənzil layihələri ilə paralel infrastrukturun inkişafı müasir şəhər siyasətinin ayrılmaz hissəsidir və Azərbaycanın təcrübəsində bu prinsip özünü tam şəkildə doğruldub. Son onillikdə salınan yeni yaşayış məhəllələri nəqliyyat qovşaqları, məktəblər, uşaq bağçaları, tibb obyektləri, park və ictimai məkanlarla birlikdə vahid kompleks kimi tətbiq olunur".
Müsahib deyib ki, mənzil təminatının yaxşılaşdırılması ölkədə sosial bərabərliyi gücləndirən həlledici amillərdən biridir: "Güzəştli mənzil və ipoteka proqramları gənclərin, dövlət qulluqçularının, şəhid ailələrinin, qazilərin və digər həssas qrupların sosial rifahına ciddi təsir göstərir, onların cəmiyyətə daha dərindən inteqrasiyasını təmin edir. Bu, sosial təbəqələşmənin azaldılması baxımından yüksək təsir gücünə malikdir və şəhər mühitində bərabərlik prinsipinin qorunmasına xidmət edir. Qlobal mənzil böhranı fonunda Azərbaycanın tətbiq etdiyi mexanizmlər region ölkələri üçün nümunə ola bilər". Beləliklə, WUF13 ərəfəsində Azərbaycanın mənzil təminatı sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq müstəvidə də aktuallıq qazanır. Müxtəlif ölkələrdə mənzil təminatı probleminin getdikcə dərinləşdiyi vaxt Azərbaycanın bu sahədə nümayiş etdirdiyi sistemli yanaşma xüsusi diqqət çəkir. Ölkədə həyata keçirilən sosialyönümlü proqramlar, güzəştli yaşayış maliyyəsi alətləri və müasir şəhərsalma yanaşmaları yalnız vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılmasına deyil, həm də sosial bərabərliyin gücləndirilməsinə xidmət edir.
Azərbaycanda mənzil təminatı: Sosial inklüzivlik və dayanıqlı urbanizasiya modeli - FOTO - VİDEO Azərbaycanda mənzil təminatı: Sosial inklüzivlik və dayanıqlı urbanizasiya modeli - FOTO - VİDEO Azərbaycanda mənzil təminatı: Sosial inklüzivlik və dayanıqlı urbanizasiya modeli - FOTO - VİDEO Azərbaycanda mənzil təminatı: Sosial inklüzivlik və dayanıqlı urbanizasiya modeli - FOTO - VİDEO Azərbaycanda mənzil təminatı: Sosial inklüzivlik və dayanıqlı urbanizasiya modeli - FOTO - VİDEO Azərbaycanda mənzil təminatı: Sosial inklüzivlik və dayanıqlı urbanizasiya modeli - FOTO - VİDEO Azərbaycanda mənzil təminatı: Sosial inklüzivlik və dayanıqlı urbanizasiya modeli - FOTO - VİDEO Azərbaycanda mənzil təminatı: Sosial inklüzivlik və dayanıqlı urbanizasiya modeli - FOTO - VİDEO Azərbaycanda mənzil təminatı: Sosial inklüzivlik və dayanıqlı urbanizasiya modeli - FOTO - VİDEO Azərbaycanda mənzil təminatı: Sosial inklüzivlik və dayanıqlı urbanizasiya modeli - FOTO - VİDEO Azərbaycanda mənzil təminatı: Sosial inklüzivlik və dayanıqlı urbanizasiya modeli - FOTO - VİDEO Azərbaycanda mənzil təminatı: Sosial inklüzivlik və dayanıqlı urbanizasiya modeli - FOTO - VİDEO Azərbaycanda mənzil təminatı: Sosial inklüzivlik və dayanıqlı urbanizasiya modeli - FOTO - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər