Cəmiyyət

"Avtobuslar gec gəlir, salon natəmiz, oturacaqlar qırıqdır" - 114 nömrəli marşrutdan ŞİKAYƏT

13 May 2026, 14:20 1 baxış
"Avtobuslar gec gəlir, salon natəmiz, oturacaqlar qırıqdır" - 114 nömrəli marşrutdan ŞİKAYƏT
Sərnişinlər 114 saylı marşrut avtobusdan şikayətçidirlər. Bu barədə Oxu.Az-ın qaynar xəttinə məlumat daxil olub. Vətəndaşların sözlərinə görə, sözügedən marşrutlarda intervallar arası müddət çoxdur: "Avtobuslar əhali sayına uyğun şəkildə xəttə buraxılmır, mövcud olanların salonu natəmizdir, oturacaqların bir çoxu qırıqdır. Yayda soyutma, qışda isitmə sistemi işləmir. Saat 23:00 olmamış bütün 114 saylı avtobuslar hərəkəti dayandırır. Bununla bağlı neçə dəfə şikayət etmişik, daşıyıcıya tapşırıq verilsə də, problem aradan qaldırılmır". Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, daşıyıcı tərəfindən avtobus parkının yenilənməsi ilə bağlı tədbir görülməyəcəyi təqdirdə, marşrutlar müsabiqəyə çıxarılacaq: "Pirəkəşkül və Müşfiqabad qəsəbələri istiqamətində fəaliyyət göstərən 114 A nömrəli marşrutda 8 avtobus 12-14 dəqiqə, 114 B nömrəli marşrutda isə 6 avtobus 14-16 dəqiqə hərəkət intervalı ilə hərəkət edirlər. Günün pik saatlarında marşrutların hərəkət sxemi üzrə yaranan nəqliyyat sıxlığı intervalın artmasına səbəb ola bilir. AYNA tərəfindən daşıyıcıya marşrut xətlərinin nizamlı fəaliyyətinin təmin edilməsi, hərəkət cədvəlinə riayət olunması, avtobus sayının sərnişin tələbatına uyğun tənzimlənməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Həmçinin daşıyıcıya avtobusların saz vəziyyətdə saxlanılması, avtobus parkının yenilənməsi ilə bağlı tədbirlərin görülməsinə dair xəbərdarlıq edilib. Daşıyıcı tərəfindən tədbir görülməyəcəyi təqdirdə marşrutlar müsabiqəyə çıxarılacaq". Qeyd edək ki, Pirəkəşkül qəsəbəsi - "20 Yanvar" metrostansiyası istiqamətinə 114 A, Müşviqabad qəsəbəsi - "20 Yanvar" metrostansiyası istiqamətinə 114 B nömrəli ictimai nəqliyyat vasitələri sərnişin daşınmasını həyata keçirir.
Mənbə oxu.az

Oxşar Xəbərlər