300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?
300 mindən çox azərbaycanlının Ermənistana (Qərbi Azərbaycan – red) qayıtmasına hazırlıq gedir.
Axar.az Publika.az-a istinadla xəbər verir ki, bu iddia ilə erməni politoloq Artur Xaçikyan çıxış edib.
Xaçikyan geri qayıdacaq azərbaycanlıların daha çox hansı ərazilərdə məskunlaşacağı ilə bağlı fikirlər irəli sürüb.
“İlkin olaraq, 300 min azərbaycanlının qayıdacağını düşünsək - onların sayının 1 milyona qədər artdığı da deyilir, bu, təxminən 300 kənd deməkdir. Çünki Ermənistanda orta hesabla bir kəndin əhalisi 1000 nəfərdir. Gəlin bu rəqəmin üçdə bir hissəsini – 100 kəndi götürək. Azərbaycanlılar hansı kəndlərdə məskunlaşacaq? Güman ki, onlar daha çox 1988-ci ildə Ermənistandan çıxmazdan əvvəl yaşadıqları ərazilərdə məskunlaşdırılacaqlar. 1988-ci ildən əvvəl azərbaycanlıların yaşadıqları kəndlər məlumdur. Onlar xüsusilə Sevan gölünün (Göyçə) şərqində və Sünik-Kapan (Zəngəzur-Qafan) bölgəsində kompakt yaşayırdılar. Ehtimal ki, geri qayıdacaq azəbaycanlılar əsasən bu bölgələrdə yerləşəcək”, - o bildirib.
Erməni politoloq iddia edir ki, Göyçə gölünün şərq hissəsi və Qafan bölgəsi Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir.
“Sevan (Göyçə) gölünün şərq hissəsi strateji əhəmiyyət daşıyır. Qafan bölgəsi də Naxçəvanın Azərbaycana quru ərazi ilə birləşdirilməsində rol oynaya bilər. Bu necə ola bilər? Azərbaycanlılar bu bölgələrdə məskunlaşdıqdan sonra həmin ərazilərin bolşeviklər tərəfindən ermənilərə verildiyi məsələnini qaldıracaqlar, daha sonra tarixi ədalətsizlik adılandırdıqları bu məsələni həll edəcəklər”, - erməni politoloq iddia edib.