Siyasət

Tofiq Zülfüqarov: "Yerli mediada bəzən Paşinyan haqqında qeyri-ciddi, istehzalı yanaşmalar üstünlük təşkil edir"

12 May 2026, 16:29 1 baxış
Tofiq Zülfüqarov: "Yerli mediada bəzən Paşinyan haqqında qeyri-ciddi, istehzalı yanaşmalar üstünlük təşkil edir"
"Həm Avropada, həm də Ermənistanın özündə Nikol Paşinyanın ictimaiyyətə "sülh mələyi" kimi təqdim edilməsi istiqamətində təbliğat kampaniyası aparılır". Oxu.Az xəbər verir ki, bunu sabiq xarici işləri naziri Tofiq Zülfüqarov "Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib. O bildirib ki, sülh gündəliyinin və sülh prosesinin təşəbbüskarı Azərbaycan dövləti olub: "Azərbaycan bu prosesi başlayıb və sonradan Ermənistan da bu prosesə cəlb olunub. Amma açıq şəkildə demək lazımdır ki, bu, müəyyən təzyiqlərin nəticəsində baş verib. Yüksək səviyyədə müşahidə etdikdə görürük ki, müəyyən dairələr tərəfindən sülh gündəliyi ilə bağlı bəzən həssas və qərəzli təsirlər göstərilir. Buna görə də həm Avropada, həm də Ermənistanın özündə təbliğat kampaniyası aparılır ki, Nikol Paşinyan ictimaiyyətə "sülh mələyi" kimi təqdim edilsin. Bunun məqsədi yalnız daxili məsələlərlə bağlı deyil. Məqsəd odur ki, millətçilik əsasında formalaşmış müəyyən tezislər, mövqelər və hətta hədəflər həyata keçirilməsin. Biz etiraf etməliyik ki, hazırkı mərhələdə Ermənistanı sülhə məcbur edən əsas amillərdən biri Azərbaycanın qarşı tərəfin ərazi bütövlüyünü tanımağa hazır olmasıdır. Amma bunun hansı şərtlərlə həyata keçəcəyi danışıqların nəticəsində məlum olacaq. Açıq danışsaq, bu, müəyyən mənada Ermənistana təzyiqdir və Azərbaycan bu təzyiqdən sülh naminə istifadə edir. Əgər bu təzyiq olmasaydı, nə Ermənistandan, nə də Paşinyandan sülhə meyilli bəyanatlar eşidərdik. Ona görə də bu prosesdə diqqətli olmalıyıq". Sabiq nazirin sözlərinə görə yerli mediada bəzən Paşinyan haqqında qeyri-ciddi, istehzalı yanaşmalar üstünlük təşkil edir: "Halbuki bu cür münasibət reallığı düzgün əks etdirmir. Bir tərəfdən, istər-istəməz onların təbliğat istiqamətinə xidmət etmiş oluruq. Bu isə düzgün mövqe deyil. Ermənistan, Paşinyan və onun komandası sülhə müəyyən təsirlər nəticəsində yaxınlaşır. Bu təsir mexanizmlərindən birini artıq qeyd etdim, amma başqa mexanizmlər də var ki, onların sülhə meyli davam etsin. Görürük ki, həm Rusiyada, həm də Fransada müəyyən qüvvələr onları bu mövqedən uzaqlaşdırmağa çalışırlar. Biz bunu aydın şəkildə görməliyik. Rusiyanın fəaliyyətini izləyən insanlar da başa düşməlidirlər ki, bölgədə sülh siyasətinin əsas mənbəyi Azərbaycan dövlətinin və cənab Prezidentin irəli sürdüyü sülh gündəliyidir. Əks halda, bu proseslərin heç birinin gələcəyi olmazdı".
Mənbə oxu.az

Oxşar Xəbərlər