İqtisadiyyat

Ölkədə borc vəsaitlərinə tələbat necədir?

12 May 2026, 13:42 1 baxış
Ölkədə borc vəsaitlərinə tələbat necədir?
Pərviz Heydərov yazır... Ölkədə kredit resurslarına tələbatın real olaraq konkret hansı səviyyədə təşkil etdiyini müəyyən etmək çətindir. Ona görə ki, bank sektorunda likvidlik yüksək həddə təşkil etsə də, kredit faizləri aşağı deyil və heç, cüzi də olsa enmir. Məntiqlə isə, pul çox olduqda borc təklifi geniş və ucuz xarakter daşımalıdır. Bizdə mövcud kredit təşkilatları üzrə ümumi pul həcmi izafi həddə təşkil etdiyi halda borc vəsaitləri təklifi kifayət qədər ehtiyatlı həyata keçirilməklə yanaşı, baha səviyyədə də qalır. Kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşları məbləğinə nəzər salsaq mart ayı da daxil olmaqla bu ilin ilk üç ayı ərzində 32 milyard 312 milyon 900 min manat təşkil etdiyini görərik. Banklar üzrə bu rəqəm 30 milyard 290 milyon 300 min manata, qeyri-bank təşkilatları üzrəsə 2 milyard 022 milyon 600 min manata bərabərdir. O cümlədən, vaxtı keçmiş kreditlər 619 milyon 600 min manat təşkil edib. Banklar üzrə 30 milyard 290 milyon 300 min manat kredit portfelinin 53.5%-i (16 milyard 214.8 milyon manatı) biznes, 31.3%-i (9 milyard 490.9 milyon manatı) istehlak, 15.2%-i (4 milyard 584.6 milyon manatı) isə ipoteka kreditlərinə aiddir. Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımovun cari ilin mayın 6-da ölkədə öz yazıları və şəxsi mülahizələri ilə tanınmış iqtisadçı-ekspertlər ilə təşkil etdiyi növbəti görüşdə belə bir fikir irəli sürüldü ki, bu gün ölkədə fəaliyyət göstərən kredit təşkilatlarında likvidlik yüksək səviyyədə olsa da borc vəsaitlərinə, yəni kredit resurslarına tələb aşağı həddədir. Bu doğru fikirdirmi? Hesab edirəm ki, xeyr. Əvvəla, likvidlik yüksək həddədirsə, girişdə də yazdığım kimi, faizlər aşağı olmalıdır. Düzdür, bu zaman dərhal qeyd olunur ki, depozitlər üzrə təklif olunan faiz dərəcələri yüksəkdir.
Yeri gəlmişkən, bankların öhdəliklərinin strukturunda depozit portfeli ənənəyə uyğun olaraq üstünlük təşkil edir ki, cəmi öhdəliklərin 74.7%-i və ya 37 milyard 568 milyon 400 min manatı bu göstəriciyə aiddir. Depozit portfelinin 55.8%-i (20 milyard 980.1 milyon manatı) hüquqi şəxslərin, 44.2%-i (16 milyard 588.3 milyon manatı) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir. Sual edirəm, depozitlər bank öhdəliklərinin az qala 75% hissəsini təşkil etdiyi şəraitdə ümumiyyətlə, söhbət hansı likvidlikdən gedir? Üstəgəl, bu likvidlik həm də ən çox sırf 4-5 bankın daxil olduğu sistem banklara məxsusdursa... Likvidlik qurumun öz öhdəliklərini (borclarını, müştəri ödənişlərini) vaxtında və tam şəkildə yerinə yetirmə qabiliyyətidir ki, bankın istənilən an müştərilərinə pullarını qaytarmaq və ya cari xərclərini ödəmək üçün əlində kifayət qədər "hazır vəsaiti" olması deməkdir. Lakin təkcə ölkədə indiyədək bağlanılan banklara aid təcrübəyə əsasən qeyd edə bilərəm ki, həmin qurumlar üzrə sığortalanan əmanətlər vaxtında qaytarılsa da, aktivlərinin pula çevrilərək digər öhdəliklərinin yerinə yetirilməsi həmişə illər çəkib ... Bundan əlavə digər sual da ondan ibarətdir ki, manatın məzənnəsi neçə illərdir inzibati qaydada möhkəm saxlanıldığı halda, üstəgəl ölkədə dedollarizasiya da dərin xarakter daşıdığı, milli valyutaya inamınsa möhkəm vəziyyətdə olduğu şəraitdə manat üzrə əmanətlər görəsən, nədən illik hələ də 12% səviyyədə sığortalanır? Milli valyutada sərbəst vəsaitlərin bu yolla banklara cəlbi əslində heç də nə bank sektorunun, nə də iqtisadiyyatın xeyrinə deyil. Ölkədə qiymətli kağızlar bazarının lazımi səviyyədə inkişaf etməməsi səbəblərindən biri də məhz bundan ibarətdir. Digər tərəfdən, tələb əsasən iki cür olur: ödəmə qabiliyyətli, yəni effektiv tələb və qeyri-ödəmə, yəni effektsiz tələb... Bu gün ölkədə borc vəsaitlərinə, yəni kredit resurslarına tələbin 55-60 % hissəsini effektsiz tələb formalaşdırır ki, bunun da səbəbi təkcə gəlir deyil, risk, inflyasiya, sığorta və sair amillərdədir. Məsələ ondadır ki, ödəmə qabiliyyətli, yəni effektiv tələbin meydana gəlməsi üçün tələb olunan şərtlərdən biri də məhz kredit şərtlərinin yüngülləşdirilməsi, ona əlçatanlığın yaxşılaşdırılması və faiz dərəcələrinin aşağı salınması sayılır. Bizdə isə bu istiqamətdə heç bir proses getmir. Çünki kredit qurumları dövlətin sosial-iqtisadi kursuna uyğun fəaliyyət göstərmir, - ölkədə həyata keçirilən iqtisadi siyasətin əsasını sosialyönümlük prinsipi təşkil etsə də bank sektoru sanki daha çox mənfəət güdür, kredit resursları iqtisadiyyatın inkişafı üçün deyil, cari məqsədlər və gəlir əldə etmək niyyəti ilə sərf olunur. Bütün bu qeyd olunanları problemli, yəni vaxtı ötmüş kreditlər də, dəqiq desəm onun həcmini şişirdən şərait və səbəblər də təsdiq edir. Yuxarıda yazdım ki, kredit təşkilatlarının 32 milyard 312 milyon 900 min manatlıq kredit portfelinə görə vaxtı keçmiş kreditlər 619 milyon 600 min manat təşkil edir. Doğrudur bu, hələ təhlükəli hədd deyil, 1.9% deməkdir. Lakin sözügedən göstəricini yüksəldən həmişə olduğu kimi əsasən, məhz istehlak kreditləridir. Niyə? Çünki ölkədə banklar istehlak kreditlərinə meyllidirlər. Fəaliyyətlərini ən çox bu növ kreditlər üzərində qururlar. Bu isə iqtisadiyyatın kreditə tələbatı yoxdur deməyə heç əsas vermir.
Mənbə oxu.az

Oxşar Xəbərlər