Siyasət
Hikmət Babaoğlu: "Heydər Əliyev dövlətçiliyimizin ideoloji və strateji təməlini qoyub"
"Heydər Əliyev Azərbaycan dövlətçilik tarixinə öz qızıl möhürünü vurmuş siyasi xadim kimi yadda qalıb. Onun müxtəlif dövrlərdə Azərbaycana rəhbərlik etməsi, birinci şəxs kimi fəaliyyəti ölkəni mürəkkəb ideoloji mərhələlərdən çıxararaq inkişaf yoluna yönəldib. Bu mərhələlər Azərbaycan xalqının dilinin, tarixinin, mədəniyyətinin, iqtisadiyyatının və sosial həyatının yüksəlişi ilə müşayiət olunub". Bu fikirləri Oxu.Az-a açıqlamasında siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu bildirib. Onun sözlərinə görə, bu, sovet dövründə də özünü aydın şəkildə göstərib: "Məhz həmin illərdə respublikada sənayeləşmə sürətlənib, milli kadrların hazırlanmasına xüsusi diqqət yetirilib, Azərbaycan dili və mədəniyyətinin qorunması istiqamətində mühüm addımlar atılıb. Müstəqillik dövründə isə onun rəhbərliyi ilə ölkəmiz parçalanma və vətəndaş qarşıdurması təhlükəsindən xilas edilərək sabitlik mərhələsinə qədəm qoyub. 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddətdə siyasi sabitliyi təmin edib, dövlət institutlarını formalaşdırıb və idarəetmədə sistemlilik yaradıb. Onun təşəbbüsü ilə həyata keçirilən neft strategiyası - xüsusilə 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" - Azərbaycanın iqtisadi inkişafında dönüş nöqtəsinə çevrilib, ölkəni beynəlxalq enerji xəritəsində mühüm oyunçuya çevirib". H.Babaoğlu əlavə edib ki, Heydər Əliyev demokratik, hüquqi və müstəqil Azərbaycan dövlətinin qurulmasına nail olub: "Dövlətin əsas strateji prioritetlərini müəyyənləşdirərək 1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyası ilə onların hüquqi əsasını təmin edib. Bu konstitusiya insan hüquq və azadlıqlarının təmin olunmasını, hakimiyyət bölgüsü prinsipini və hüquqi dövlət quruculuğunu əsas istiqamət kimi müəyyən edib. Məhz bu siyasi-ideoloji xətt və formalaşdırılan dövlətçilik konsepsiyası Azərbaycanın intellektual-siyasi sisteminin əsasını təşkil edib. 2003-cü ildən sonra Azərbaycan Respublikasının Prezidenti kimi İlham Əliyevin hakimiyyətə gəlməsi ilə bu strateji kurs davam etdirilib, ölkənin inkişafı yeni mərhələyə qədəm qoyub". O sonda qeyd edib ki, Heydər Əliyevin əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət, praqmatik diplomatiya, iqtisadi islahatlar və sosial yönümlü siyasət Azərbaycanı regionun güclü dövlətlərindən birinə çevirib: "Bu möhkəm təməllər üzərində qurulan dövlət sonrakı dövrdə öz ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa etməyə nail olub, beynəlxalq münasibətlər sistemində mövqelərini daha da gücləndirib. Əslində, dərin analiz aparmadan belə, yalnız bir fakt - Azərbaycanın əldə etdiyi tarixi zəfər - Heydər Əliyevin dövlət və xalq qarşısındakı xidmətlərini izah etmək üçün kifayət edir. Bu zəfərin ideoloji və siyasi əsasları məhz onun müəyyən etdiyi strateji xəttə söykənir. Bu səbəbdən Azərbaycan xalqı ulu öndər Heydər Əliyevi böyük minnətdarlıq və ehtiramla yad edir. Bu münasibət bu gün də eyni şəkildə davam edir və gələcək nəsillər üçün də dəyişməz dəyər olaraq qalacaq".
Mənbə
oxu.az
Oxşar Xəbərlər