İdman
Premyer Liqa: 31-ci tura yekun vurulur
Bu gün Misli Premyer Liqasında 31-ci tura iki oyunla yekun vurulacaq. Oxu.Az xəbər verir ki, günün ilk matçında avrokuboklara vəsiqəni rəsmiləşdirməyin bir addımlığında olan "Turan Tovuz"la autsayder "Karvan-Yevlax" üz-üzə gələcəklər. Tovuz şəhər stadionunda baş tutacaq qarşılaşma saat 17:00-da başlayacaq. Tura "Neftçi" - "Şamaxı" görüşü ilə yekun vurulacaq. Oyun "Palms Sports Arena"da, saat 19:30-da start götürəcək. "Turan Tovuz" 56 xalla üçüncü, "Neftçi" isə 50 xalla dördüncü sırada yer alıb. 35 xala malik "Şamaxı" səkkizinci sırada qərarlaşıb. "Karvan-Yevlax" isə 14 xalla sonuncu pillədədir. Misli Premyer Liqası XXXI tur, III dövrə 10 may 17:00. "Turan Tovuz" - "Karvan-Yevlax" Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, Niyaz Əhmədov; VAR: Elçin Məsiyev; AVAR: Namik Hüseynov; Hakim-inspektor: Əmrah İbrahimov; Tovuz şəhər stadionu. 19:30. "Neftçi" - "Şamaxı" Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Rövşən Rəcəbov; VAR: Rəşad Əhmədov; AVAR: Müslüm Əliyev; Hakim-inspektor: Asim Xudiyev; "Palms Sports Arena". Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Kəpəz" "Sabah"ı (1:0), "Sumqayıt" isə "Araz-Naxçıvan"ı (2:1) məğlub edib. "Qəbələ" -"Qarabağ" matçında 1:1 hesabı qeydə alınıb. "İmişli" - "Zirə" görüşü isə qolsuz bərabərliklə başa çatıb.
Mənbə
oxu.az