Digər

Düşmənin qorxulu yuxusu: Ölümün gözünə dik baxan "dəniz pişikləri" - REPORTAJ - FOTO/VİDEO

09 May 2026, 12:30 1 baxış
Düşmənin qorxulu yuxusu: Ölümün gözünə dik baxan "dəniz pişikləri" - REPORTAJ - FOTO/VİDEO
"Şərəf həyatdan ucadır". Bu cümlə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin elit birliyi olan dəniz xüsusi təyinatlılarının şüarıdır. Şüar "dəniz pişikləri"nin xidmət fəlsəfəsini, keçdiyi yolu və qəbul etdiyi riski ifadə edir. Çünki bu bölmənin hərbçiləri elə tapşırıqları yerinə yetirirlər ki, uğursuzluğun bəzən geri dönüşü olmur. Oxu.Az xəbər verir ki, onlar suyun altında mina zərərsizləşdirir, gecənin qaranlığında strateji obyektlərə sızır, dağlarda döyüşür, platformaları azad edir, antiterror əməliyyatlarına qatılır, sərt şaxtada həyatda qalma hazırlığı keçir, bəzən isə günlərlə dənizin ortasında görünmədən fəaliyyət göstərirlər.
Azərbaycanın dəniz xüsusi təyinatlıları haqqında ictimaiyyətə çox az məlumat verilir. Lakin təqdim olunan faktlar göstərir ki, bu birlik təkcə Hərbi Dəniz Qüvvələrinin deyil, ümumilikdə ordunun ən hazırlıqlı və ən universal xüsusi təyinatlı strukturlarından biridir. Dəniz xüsusi təyinatlılarının əsas fəaliyyəti yalnız dənizlə məhdudlaşmır. Bölmə dənizdə, havada və quruda müstəqil şəkildə, eləcə də digər hərbi hissələrlə birgə döyüş tapşırıqları yerinə yetirir. Onların missiyaları arasında terrorçu-təxribat qruplarının aşkarlanması və zərərsizləşdirilməsi, Xəzər dənizində antiterror və əks-partizan əməliyyatlarının keçirilməsi, Azərbaycan ərazi sularında daimi əməliyyat nəzarətinin təmin olunması xüsusi yer tutur.
Dəniz xüsusi təyinatlıları həm də Azərbaycanın strateji enerji təhlükəsizliyində iştirak edir. Bölmə neft platformalarının, sualtı boru xətlərinin və enerji infrastrukturunun mühafizəsini həyata keçirir. Sualtı hissələrin monitorinqi, mina təhlükəsinin aradan qaldırılması, partlayıcı qurğuların zərərsizləşdirilməsi onların gündəlik fəaliyyət istiqamətlərindəndir. 2022-ci ilin mayında Xəzər dənizinin dibində, qayalıq sahədə altı ədəd sovet dövrünə aid dib minasının aşkarlanması bu fəaliyyətin nə qədər təhlükəli olduğunu bir daha göstərib.
Hərbi Dəniz Qüvvələrinin döyüş sərəncamından sonra Dəniz Xüsusi Təyinatlıların sualtı müdafiə dəstəsi əməliyyata cəlb olunub. Minalar müşahidə edilərək xüsusi üsullarla zərərsizləşdirilib. Bu, sadəcə texniki əməliyyat deyil. Çünki su altında aparılan mina təmizlənməsi əməliyyatlarında kiçik səhv belə faciə ilə nəticələnə bilər. Dəniz xüsusi təyinatlılarının adı xüsusilə Aprel döyüşlərindən sonra daha çox hallanmağa başlayıb.
2016-cı ilin aprelində Talış istiqamətində keçirilən əməliyyatlarda bölmə qarşısına qoyulan tapşırıqları yerinə yetirib. Həmin döyüşlərdə miçman Rusif Ağayev şəhid olub, miçman Yaşar Ağayev isə ağır yaralanıb. Lakin onların əsas sınağı 44 günlük Vətən müharibəsi olub. 2020-ci ildə başlayan müharibədə dəniz xüsusi təyinatlıları Talış istiqamətindən döyüşlərə qoşularaq Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətlərində əməliyyatlar həyata keçiriblər. Təqdim olunan məlumatlara görə, bölmə 50-yə yaxın yaşayış məntəqəsinin azad olunmasında iştirak edib.
Qubadlı azad edildikdən sonra isə alaya yeni tapşırıq verilib: Şuşa şəhəri və Xocavənd rayonu istiqamətində döyüş əməliyyatlarına qoşulmaq. Vətən müharibəsi zamanı Dəniz Xüsusi Təyinatlıların doqquz hərbçisi şəhid olub. Kiçik miçman Fəqan Zalov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb. Alayın şəxsi heyətindən 21 nəfər müxtəlif ordenlərlə, 85 nəfər isə medallarla təltif olunub. Müharibədən sonra da bölmənin fəaliyyəti dayanmayıb. 2021-ci ilin iyulundan 2022-ci ilin sentyabrına qədər alayın şəxsi heyəti Kəlbəcərin Zar kəndi istiqamətində, Laçının Minkənd yaşayış məntəqəsində və Şuşada döyüş növbətçiliyinə cəlb olunub.
12-13 sentyabr 2022-ci ildə keçirilən "Qisas" əməliyyatında və 19 sentyabr 2023-cü ildə həyata keçirilən antiterror tədbirlərində də dəniz xüsusi təyinatlıları iştirak edib. Kəlbəcər, Laçın və Şuşa-Xankəndi yolu istiqamətində mühüm strateji obyektlərin müdafiə və mühafizəsi onların üzərinə düşən əsas tapşırıqlardan olub. Bu bölməyə düşmək hər hərbçiyə nəsib olmur. Dəniz Xüsusi Təyinatlı Kursuna namizədlər Silahlı Qüvvələrin müxtəlif bölmələrindən seçilir. Namizədlər yalnız fiziki gücə görə yox, həm də intellektual və psixoloji dayanıqlığa görə qiymətləndirilirlər. Tibbi komissiyanın təsdiqindən sonra başlayan hazırlıq isə aylarla davam edir.
Hazırlıq proqramına fərdi hazırlıq, ixtisas hazırlığı, kollektiv hazırlıq, qrup və dəstə taktiki fəaliyyəti, dağ hazırlığı, xarici dil hazırlığı, atəş və silah hazırlığı daxildir. Lakin bu, başlanğıcdır. Xüsusi təyinatlılar dərin qar və şiddətli soyuq şəraitdə döyüş, amfibiya hazırlığı, açıq, yarıqapalı və qapalı sistemlərlə dalğıclıq, antiterror fəaliyyəti, həyatda qalma hazırlığı və gəmi zəbt etmə əməliyyatları keçirirlər. Onlara şübhəli daşıma vasitələrinin axtarışı, təhlükəsizliyin təmin olunması, ilkin tibbi yardım və təxliyə, gəmi zəbt texnikası, ekipaj üzvlərinin axtarışı, əldə düzəldilmiş partlayıcı vasitələrə qarşı tədbirlər də öyrədilir.
Hazırlıq zamanı "Dənizdə Qadağa Əməliyyatları" xüsusi yer tutur. Burada silah və narkotik qaçaqmalçılığı ilə mübarizə, şübhəli gəmilərə müdaxilə, gəmi heyəti ilə beynəlxalq normalara uyğun davranış qaydaları öyrədilir. Təlimlər zamanı rabitə, komanda-idarəetmə və kiçik qrupların koordinasiyası ayrıca işlənir. Dəniz xüsusi təyinatlılarının hazırlığı yalnız yerli təlimlərlə məhdudlaşmır.
2000-ci ildən bu günə qədər bölmənin şəxsi heyəti çoxsaylı beynəlxalq kurs və təlimlərdə iştirak edib. 2008 və 2009-cu illərdə ABŞ-nin Virciniya ştatındakı "Blackwater" təlim mərkəzində ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları ilə birgə hazırlıq keçilib. Azərbaycan xüsusi təyinatlıları ABŞ-də "Navy SEAL" kurslarında, Türkiyə və ABŞ-də SAT, EOD və SAS hazırlığında, Türkiyə və Çində paraşüt kurslarında iştirak ediblər. Onlar Türkiyə, İtaliya, Rumıniya, ABŞ, Latviya və Gürcüstanda müxtəlif kursları keçiblər. Bölmə NATO standartlarına uyğun qiymətləndirmələrdən də keçib. 2016-cı ildə Əməliyyat İmkanları Konsepsiyası proqramı üzrə bəyanat verilib. 2017-ci ildə "SEL-1" milli sınağı, 2018-ci ildə "NEL-1 NATO" sınağı, 2019-cu ildə SEL-2 milli sınağı, 2021-ci ildə isə "NEL-2 NATO" qiymətləndirməsi uğurla başa çatdırılıb.
Azərbaycan dəniz xüsusi təyinatlıları son illərdə çoxsaylı beynəlxalq tədbirlərdə iştirak edib. 2023-cü ilin iyununda Rumıniyanın Konstansa limanında keçirilən çoxtərəfli mina əleyhinə dalğıc təlimində Azərbaycan, Bolqarıstan, Gürcüstan, ABŞ və Türkiyə iştirak edib. Bolqarıstanın Varna şəhərində keçirilən "Dənizdə Qadağa Əməliyyatları" təlimlərində isə NATO müttəfiqləri və tərəfdaş ölkələr arasında qarşılıqlı fəaliyyət imkanları yoxlanılıb. 2025-2026-cı illərdə alayın şəxsi heyəti "Xəzri-2025", "Mavi Vətən-2025", "Kurtaran-2025", "Aman-25", "Dəniz Qurdu-2025", "Nusret-2025", "Doğu Akdeniz-2025", "Mavi Balina-2025", "Dənizaslanı-2025", "Erciyes-2025", "Sülh Qalxanı-2026" beynəlxalq təlimlərində iştirak edib. Hazırda şəxsi heyət Türkiyədə təşkil olunan "Efes-2026" təliminə qatılıb.
Xüsusilə "Efes-2026" təlimi diqqət çəkir. Çünki həmin tədbirdə 45-dən çox ölkənin xüsusi təyinatlıları iştirak edirlər. Dəniz xüsusi təyinatlılarının fəaliyyəti çox vaxt kameraların obyektivindən uzaqda qalır. Onların döyüşləri bəzən suyun altında, bəzən şaxtalı dağlarda, bəzən isə gecənin qaranlığında baş verir. Təqdim olunan faktlar göstərir ki, bu birlik Azərbaycan ordusunun həm ən ağır tapşırıqları yerinə yetirən, həm də ən sərt hazırlıq mərhələlərindən keçən elit qüvvələrindən biridir.
Mənbə oxu.az

Oxşar Xəbərlər