İdman
"Real Madrid" Valverde və Tçuamenini CƏZALANDIRDI
İspaniyanın "Real Madrid" futbol klubunun yarımmüdafiəçiləri Federiko Valverde və Orelyen Tçuameni məşq zamanı baş vermiş davaya görə hər biri 500 min avro məbləğində cərimələniblər. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Görüş zamanı oyunçular baş verənlərdən dərin təəssüf hissi keçirdiklərini bildirərək bir-birlərindən, klubdan, komanda yoldaşlarından, məşqçilər heyətindən və azarkeşlərdən üzr istəyiblər. Hər iki oyunçu "Real"la əməkdaşlığı davam etdirməyə hazır olduqlarını və klubun uyğun hesab edəcəyi istənilən cəzanı qəbul etməyə hazır olduqlarını bildiriblər. Bu şəraitdə "Real" hər bir futbolçuya 500 min avro məbləğində cərimə tətbiq etmək qərarına gəlib və bununla da daxili araşdırmanı yekunlaşdırıb", - məlumatda deyilir. Futbolçular arasında dava barədə ilk olaraq "Marca" qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, hadisədən sonra Valverdeyə tibbi yardım lazım olub. Bundan sonra "Real" bildirib ki, o, kəllə-beyin travması səbəbindən 10-14 gün meydanlardan uzaq qalacaq.
Mənbə
oxu.az