Atəş açan şəxsin bir neçə silahı olub - Tramp
Atəş açan şəxsin üzərində bir neçə silah olub.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
"Kişi təhlükəsizlik məntəqəsinə bir neçə silahla hücum edib və ABŞ Məxfi Xidmətinin cəsur üzvləri tərəfindən tutulub, onlar çox cəld hərəkət ediblər", - Tramp bildirib.
Onun sözlərinə görə, Məxfi Xidmətin zabitlərindən biri odlu silahdan açılan atəşlə yaralanıb, lakin onun zirehli geyimi ağır xəsarətlərin qarşısını alıb:
"O, çox yaxın məsafədən çox güclü silahla vurulub, lakin zirehli geyimi işə yarayıb. Mən zabitlə danışdım, o özünü yaxşı hiss edir".
Tramp həmçinin əlavə edib ki, ilkin məlumata görə, atəş açan şəxs çox güman ki, təkbaşına hərəkət edib və istintaq bunu təsdiqləməlidir.
Qeyd edək ki, Ağ Ev Müxbirləri Assosiasiyası üzvlərinin Vaşinqtonda keçirilən şam yeməyində atışma səsləri eşidilib və Tramp, birinci xanım Melaniya Tramp, vitse-prezident Ceys Devid Vens və Ağ Evin mətbuat katibi dərhal təxliyə edilib.