Cəmiyyət
Ağzına kimi dolu Kiyev dəmiryol vağzalının az qala yarısı azərbaycanlılar idi
Mart ayının əvvəli, müharibənin başladığı bir həftədən çox idi. Günlərdir müxtəlif vilayətlərdən, xüsusilə, Ukraynanın şərqindən və cənubundan müxtəlif yollarla çöllərə səpələnib ölkəni bürümüş müharibədən sağ-salamat təxliyə olmaq istəyənlər Kiyev vağzalına toplaşmışdılar. Günlərdir gözləntidən sonra təxminən 10 vaqondan ibarət bir qatar demək olar ki, ancaq azərbaycanlılara ayrılmışdı. Ayrılmışdı deyəndə, neçə gün idi ki, Kiyev mərkəzi vağzalı, ümumiyyətlə Ukraynanın yarıdan çoxunda dəmir yolu sistemi dayanmışdı. Qatarlardan biletsiz-filansız, şərqdən qərbə imkan tapanı şütüyürdü. Birini də həmin gün azərbaycanlılar nəhayət ki, tapıb, neçə gündür şərqdən, cənubdan Kiyevə toplananları üzü qərbə yola salırdılar. Oradan da ya Polşaya, ya Moldovaya, ya da Rumıniyaya keçməyə çalışacaqdılar. Çoxu da qadınlar və uşaqlar idi. Perona düşüb azərbaycanlılardan çəkiliş etməyə başladım. - Mübariz sizsiniz? Jurnalist... - vaqonların birinin pəncərəsindən kimsə məni səslədi. Ortayaşlı bir azərbaycanlı kişi idi. - Bəli - deyə, pəncərəyə yaxınlaşdım. - Sizdən xahiş edirəm. İmkanınız daxilində Xarkovla əlaqə yaradın. Orada xeyli azərbaycanlı qalıb. Hər yeri vururlar. Nə qatarlar normal işləyir, nə də şəhərdən çıxmağa maşın tapılır... Fəxri konsulluq köçüb gedib Lvova. Diaspor rəhbərlərindən də tanıdıqlarımıza düşə bilmirik. - Mən sizə nömrəmi verim, zəng etsinlər. Amma nəzərə alın ki, mən özüm də Kiyevdə təkəm... Bacardığımı edərəm. Nömrəmi verib uzaqlaşdım. Həqiqətən də həmin vaxt Oleq Krapivin istisna olmaqla Kiyevdə başqa diaspor rəhbəri yox idi. Ümumiyyətlə, Ukraynada yox idilər. Mən tanıdıqlarım, ikisi də artıq ya Avropada, ya da Azərbaycanda idilər. Çəkilişimə davam etməyə başladım. İnsanlar necə gəldi vaqonlara doluşurdular. Gözlərimin önünə İkinci Dünya müharibəsi ilə bağlı baxdığım filmlər gəldi. Çünki xəbər vardı ki, bu qatar son ümiddir və bundan sonra ölkədən təxliyə fərdi olaraq kim necə bacardı özünün öhdəsinə qalacaq. Vaqonlar azərbaycanlılarla sürətlə dolurdu. Eləsi vardı ki, xanımını, uşaqlarını mindirib özü qalırdı. Qalırdı deyə uşaqlarına vidalaşmaq üçün elə sarılırdılar ki, ayrıla bilmirdilər. Vağzal həsrət adasına çevrilmişdi. Dəhşətli mənzərə idi. Həmin gün minə qədər azərbaycanlı Kiyevdən üzü qərbə bu qatarla yola düşdü... Çəkilişi bitirib, hava həyəcan siqnallarının, "indi harasa, bəlkə də yanıma düşəcək raket" düşüncəsini qova-qova evə qayıtdım. Bir naməlum nömrədən zəng gəldi: - Salam. Mübarizdir? - yaşlı bir azərbaycanlı qadın səsi idi. -Bəli. - Sizin nömrəni bu gün Kiyevdən keçib gedənlər verdi. Oğul, qurban olaram, kömək edin. Qalmışam Xarkovda. Təkəm. Qaldığım yerdən iki-üç kilometrdir dəmir yol vağzalı, ora belə gedib çata bilmirəm. Hər addım başı bomba düşür. Atışma gedir. Heç getsəm də, deyirlər dəmir yolunda bilet satışı yoxdur çoxdan, basabasdır oralar. Heç kimə düşə bilmirəm bizimkilərdən, nə fəxri konsulluğa, nə diaspora, nə də səfirliyə. - Anladım. Sizi indi çalışaram səfirliklə əlaqələndirim. Xarkovda tanıdığım yoxdur təəssüf ki... Amma siz çalışın panikaya düşməyin, çalışaram nəsə edim. Zirzəmidən çıxmayın atışma eşidəndə - deyə, qadına təskinlik versəm də, özüm həyəcandan adını belə soruşmağı unutdum. Amma təzədən onu soruşmağa vaxt itirməkdənsə tez səfirlikdə qalan Sabir Rzayevə zəng edib vəziyyəti bildirdim. Çünki həmin an itirilən bir neçə dəqiqə belə bir insan həyatına baha başa gələ bilərdi. Sabir Rzayev bir neçə zəngdən sonra telefona cavab verib, durumu dinləyib dedi ki, onun nömrəsini qadına verim, oradan avtobuslar çıxmalıdır, onlarla əlaqələndirəcək. Sevincək qadına zəng edib Sabirin nömrəsini verdim. Bunu eşidən qadının sevincinin həddi hüdudu yox idi. Sanki ölümdən xilas olurdu... Evə qalxmışdım, daha bir zəng gəldi. Yenə Xarkovdan. Azərbaycana məxsus 3 çoxtonnajlı yük maşınının sürücüləri - ikisi yaralı olmaqla Xarkovda qalıblar. Çıxa bilmirlər. Hər üçü Azərbaycan vətəndaşlarıdır. Belə ki, müharibə başlayan gün hər üçü Ukrayna-Rusiya sərhədində, Xarkov vilayəti istiqamətində, gömrük növbəsində imişlər. Qəfil hücum edib sərhədi keçən Rusiya ordusunun əlinə düşürlər. Bir gün saxlayıb buraxılar üzü Xarkova tərəf. Bunları qarşılayan Ukrayna döyüşçüləri gülləyə basır. İkisi yaralanır, sonra xəstəxanaya çatdırılırlar. Birinin yarası baxımsızlıqdan hətta dərinləşib. Zəng edib bunu da səfirliyə bildirdim. Təkbaşına küçələrdə çəkilişlərə davam edirdim. Səhər Xarkovdakı həmin qadından zəng gəldi. Bildirdi ki, Sabir Rzayev bu gün tezdən ona Xarkovdan çıxan avtobus söz versə də, alınmayıb. İndi isə telefonuna cavab vermir: - Küçədə od ələnir sanki. Bu gün daha pis vururlar buranı... - Zirzəmidən çıxmayın, çalışaram kimisə tapım. - Yox oğul, daha belə zirzəmidə oturub gözləyəsi deyiləm. Bu ölümü gözləməkdir. Çıxıb dəmir yol vağzalına tərəf gedirəm, ya piyada, ya qarşıma çıxan maşınla... Nə olar, olar. Kimisə tapsanız, xahiş edirəm, deyin - deyib, sağollaşıb telefonu asdı. Sabir Rzayevlə danışdım, dedi zənglər çoxdur, indi o, qadını yığacaq, oradan avtobus çıxa bilməyib və sair. Başladım Xarkovdan adamlar axtarmağa, amma tapa bilmirdim. Qadınla da tez-tez zəngləşirdim. Son danışığımızda dedi ki, artıq dəmir yol vağzalına çatıb, qatar axtarır. Sevindim ki, ən azı vağzaldadır. Axşama doğru yenə zəng etdim, amma telefonu çatmadı. Və ondan sonra heç vaxt o qadına zəng çatmadı, baxmayaraq, növbəti bir həftədə ardıcıl zəng neçə dəfə etdim, mesajlar yazdım və sair. Tək ümidim ona idi ki, yəqin sağdır və Xarkovu tərk edə bilib. Yaralı azərbaycanlı sürücülər də Xarkovda qalmışdılar. Eşidən kimi xəbərlərini yazmışdım deyə, bütün Azərbaycan mətbuatı onlardan yazırdı. Onlara baxan həkimə zəng etdim. "Əgər yaxın iki gündə bunları buradan çıxarmasanız, sağ qalmaları böyük risk altında olacaq" - deyib, telefonu asdı. İnternetə girdim ki, Azərbaycan Xarici İşlər Nazirliyi də mətbuatın sorğusuna cavab olaraq açıqlama yayıb ki, Azərbaycan vətəndaşı sürücülərin çıxarılması üçün çalışır. Amma hər saat risk idi. Bu zaman qərbi Ukraynadan, İvano-Frankovskdan Mətləb Nəcəfov zəng etdi. Onun özü də logistik sahədə çalışırdı deyə, sürücülərin aqibətindən bərk narahat idi. Mətləb konkret danışdı. Dedi Xarkovdan pul qazanmaq istəyən istənilən hərbçini onunla əlaqələndirim. Razılaşdıq. Amma bir gün keçmişdi, mən axtarmağa ehtiyac olmadı, Mətləb zəng etdi ki, Xarkovdan adam tapıblar, pulunu verəcəklər, azərbaycanlı sürücüləri Poltovaya qədər çatdıracaq. Sadəcə Poltovadan İvano-Frankovska qədər maşın lazımdır. Kremençuk şəhərində yaşayan qohumum Ələsgər əmi vasitəsilə onlara sürücü tapdım. Mətləbgil cəmi bir günə öz hesablarına o sürücüləri Xarkovdan çıxardılar... Ertəsi gün bir Azərbaycan saytından oxudum ki, Xarkovdan Lvova köçmüş fəxri konsulluq açıqlama yayıb ki, "azərbaycanlı sürücüləri təxliyə edib"... Mübariz Aslanov
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az