Cəmiyyət
Xidmət rəisi: "Nərimanov rayonunda əkilən yeni ağaclar identifikasiya ilə qeydiyyata alınıb"
"Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 40 ünvanında əkilən yeni ağaclar identifikasiya kodları ilə qeydiyyata alınıb". Bu barədə Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə məlumat verib. O bildirib ki, 2025-ci ildən etibarən IDEA İctimai Birliyinin təşəbbüsü və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə şəhər yaşıllıqlarının qeydiyyata alınması və identifikasiyası istiqamətində fəaliyyətə başlanılıb: "Bununla bağlı agac.az saytı fəaliyyət göstərir. Artıq sayt vasitəsilə bir sıra ərazilərdə, xüsusilə Səbail rayonu ərazisində qeydiyyata alınmış ağaclar barədə məlumatları izləmək mümkündür". Xidmət rəisi əlavə edib ki, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 40 ünvanında kəsilmiş quru və təhlükə yaradan ağaclar 2026-cı il 19 yanvar tarixində identifikasiya kodları ilə qeydiyyata alınaraq etiketlənmiş, inventarlaşdırılmış və agac.az portalına daxil edilmişdi. Hazırda isə həmin ərazidə kəsilmiş ağacların yerində yeni əkilən ağaclar da sistem üzərindən qeydiyyata alınaraq identifikasiya olunub və etiket vurularaq portala daxil edilib. Bu proses şəhər ərazisində yaşıllıqların uçotunun aparılması və şəffaflığın təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. H.Əlizadənin sözlərinə görə, layihənin əsas məqsədi şəhər ərazisində yaşıllıqlarla bağlı fəaliyyətin sistemli şəkildə izlənilməsi, uçotun aparılması və bu sahədə şəffaflığın təmin edilməsidir.
Mənbə
oxu.az