Cəmiyyət

Gəncə-Daşkəsən regionunda bağça müəllimlərinin iş yerinin dəyişdirilməsi prosesi başlanılır

17 Apr 2026, 14:14 2 baxış
Gəncə-Daşkəsən regionunda bağça müəllimlərinin iş yerinin dəyişdirilməsi prosesi başlanılır
Məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi-müəllim vəzifələri üzrə yerdəyişmə müsabiqəsinə start verilir. Oxu.Az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, yerdəyişmədə iştirak etmək istəyən məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi-müəllimləri müvafiq qaydalar gözlənilməklə 17 aprel saat 14:00-dan 23 aprel saat 18:00-dək müvafiq sənədləri yerli təhsil sektorlarına təqdim edə bilərlər. Tərbiyəçi-müəllimlərin yerdəyişməsi ilə bağlı müraciətlərə yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd təqdim edildikdə baxılır. Tələb olunan sənədlər: - şəxsiyyət vəsiqəsinin surəti; - təhsil haqqında dövlət sənədinin (diplom) surəti; - əmək kitabçasının surəti; - şəhid ailəsinin üzvü olmasını təsdiqləyən sənədin surəti; - yerdəyişmənin səbəbini təsdiqləyəcək dövlət qurumlarından əldə edilmiş arayışlar (yaşayış yerinin dəyişməsi, yoldaşının iş yerinin dəyişməsi, tibbi göstərişlərə əsasən və s.). Sənədlər göstərilən tarixdə yerli təhsil sektorlarına təqdim edilməlidir. Tərbiyəçi-müəllimlərin yerdəyişməsi zamanı bir vakant yerə birdən çox müraciət olduqda namizədlərə aşağıdakı ardıcıllıqla üstünlük verilir: - şəhid ailəsi üzvlərinə; - daha yüksək təhsil pilləsini (səviyyəsini) bitirənlərə; - pedaqoji stajı daha çox olan tərbiyəçi-müəllimlərə. Qeyd etmək lazımdır ki, qeyri-ixtisaslı tərbiyəçi-müəllimlər yaşayış yerindən asılı olmayaraq yerdəyişmədə iştirak edə bilməz. Gəncə şəhəri üzrə olan vakant yerlərə yalnız Gəncə şəhərində çalışan tərbiyəçi müəllimlər yerdəyişmə edə bilərlər. Məktəbəqədər təhsil müəssisələrində mövcud olan tərbiyəçi-müəllim vəzifələri üzrə qeydiyyat linki və vakant yerlərin siyahısı: Tərbiyəçi-müəllim vəzifəsi üzrə vakant yerlərin siyahısı ilə buradan tanış ola bilərsiniz.
Mənbə oxu.az

Oxşar Xəbərlər