Dünya
Yaponiyada xəstəxanalar enerji böhranı səbəbindən bağlanma təhlükəsi qarşısındadır
Yaponiyada bir çox xəstəxana Yaxın Şərqdəki münaqişə fonunda yaranan enerji böhranı ilə bağlı xərclərin artması səbəbindən bağlanma riski ilə üz-üzədir. Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti Yaponiyanın Tibb Müəssisələrinin İdarə Edilməsinin Tədqiqi İnstitutunun rəhbəri Masahiro Kamiyə istinadən məlumat yayıb. Onun sözlərinə görə, idxaldan asılı olan Yaponiya xəstəxanaları artıq inflyasiya və milli valyutanın zəifləməsi səbəbindən çıxılmaz vəziyyətlə üzləşiblər. Qəzet vurğulayır ki, xərclərin artması tibbi məhsulların istehsalı üçün zəruri olan enerji resurslarının qiymətlərinin kəskin artması ilə bağlıdır. Martın sonunda Yaponiyanın Baş naziri Sanae Takaiçi Yaxın Şərqdəki vəziyyəti nəzərə alaraq, tibbi məhsullar da daxil olmaqla, əsas malların sabit tədarükünün təmin edilməsini tapşırıb.
Mənbə
oxu.az