Dünya
ABŞ-nin "Gerald R. Ford" təyyarədaşıyan gəmisi 50 illik rekordu yenilədi
ABŞ-ə məxsus "Gerald R. Ford" təyyarədaşıyan gəmisi döyüş bölgəsində ən uzun müddət qalmaqla son 50 il ərzində yeni rekorda imza atıb. Oxu.Az xəbər verir ki, bu informasiyanı "Associated Press" (AP) agentliyi "US Naval Institute News" qeyri-hökumət təşkilatının hesabatına əsaslanaraq yayımlayıb. Sözügedən rekord aprelin 15-i çərşənbə günü qeydə alınıb. Həmin tarix "Gerald R. Ford"un döyüş ərazisində fasiləsiz dəniz missiyasını icra etməsinin 295-ci günü kimi qeydə alınıb. Son yarım əsrdə əvvəlki ən yüksək göstəricisi 2020-ci ildə koronavirus pandemiyası dövründə 294 gün dənizdə olan "Abraham Linkoln" təyyarədaşıyanına məxsus idi. ABŞ təyyarədaşıyanlarının döyüş şəraitində ən uzunmüddətli fəaliyyətinə dair mütləq rekord isə artıq donanmadan xaric edilmiş "USS Midway" gəmisinə aiddir. Sözügedən gəmi Vyetnam müharibəsi gedişatında, 1972-1973-cü illərdə ardıcıl olaraq 332 gün sularda qalıb. Həmçinin, 2020-2021-ci illərdə "Nimitz" təyyarədaşıyanının şəxsi heyəti ümumi hesabla 341 gün xidməti tapşırıqda olaraq sahilə çıxmayıb. Ancaq bu müddətə ABŞ sahillərindəki uzunmüddətli karantin şəraiti də daxil idi, çünki gəmi COVID-19 infeksiyasının yayılmasına yol verməmək məqsədilə planlı şəkildə dənizdə saxlanılmışdı. "Gerald R. Ford" öz missiyasına 2025-ci ilin iyununda Virciniyanın Norfolk limanından Aralıq dənizi istiqamətinə hərəkət etməklə başlayıb. Oktyabrda Karib hövzəsinə istiqamətləndirilən gəmi ardınca Venesuela lideri Nikolas Maduronun tutulması əməliyyatına cəlb olunub. Vaşinqtonla Tehran arasında münasibətlərin kəskinləşməsi fonunda isə gəmi Yaxın Şərq regionuna yola salınıb. Virciniyanı təmsil edən demokrat senator Tim Keyn vurğulayıb ki, bu qədər uzun müddət dənizdə qalmaq gəmi heyətinin psixoloji vəziyyətinə və ümumi rifahına mənfi təsir edib. O, həmçinin əlavə edib ki, yaxınlarda baş vermiş yanğın hadisəsi səbəbindən 600 hərbçi müvəqqəti olaraq yatacaq yerindən məhrum olub. Hərb Nazirliyinin (Pentaqon) nümayəndələri "Gerald R. Ford"un missiyasının tam olaraq nə vaxt bitəcəyi barədə açıqlama verməyiblər. Bununla belə, ABŞ Hərbi Dəniz Qüvvələrinin iki rəhbər şəxsi daha öncə gəminin dənizdə təqribən 11 ay vaxt keçirəcəyini söyləmişdi. Agentliyin proqnozlarına əsasən, bu o deməkdir ki, gəmi təqribən mayın sonlarında Birləşmiş Ştatlara geri dönəcək.
Mənbə
oxu.az