Dünya
Avropanın müdafiə xərclərinin idarə edilməsi uğrunda MÜBARİZƏ BAŞLAYIB
Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) və Avropa İttifaqı (Aİ) Avropada artmaqda olan müdafiə xərclərinə rəhbərlik etmək hüququ uğrunda mübarizə aparır. Oxu.Az-ın məlumatına görə, bu barədə "Financial Times" (FT) nəşri öz mənbələrinə istinadən xəbər yayıb. Nəşrin məlumatına əsasən, ABŞ lideri Donald Trampın təhdidlərinə cavab olaraq yenidən silahlanma üçün nəzərdə tutulan illik əlavə bir trilyon dolların necə xərclənməsi ilə bağlı ciddi mübahisə yaranıb. İkinci Dünya müharibəsindən bəri ABŞ-nin rəhbərliyi altında Avropanın təhlükəsizliyinə zəmanət verən Alyans Brüsselin müdafiə səlahiyyətlərini öz üzərinə götürməsinə uzun müddətdir ki, etiraz edir. Lakin Vaşinqtonun müttəfiqlərindən öz hərbi qüvvələrinə daha çox sərmayə qoymaq tələbləri Aİ-ni silah istehsalı sahəsindəki siyasətini yenidən nəzərdən keçirməyə məcbur edib. Məqalədə qeyd olunur ki, bu sahədə ittifaq NATO-dan daha böyük təcrübəyə malikdir. "Hərbi-sənaye siyasətində təsir dairəsi uğrunda mübarizə davam edir. Söhbət istehsalın artırılmasını kimin idarə edəcəyindən və bunun gələcəkdə Avropada istifadə olunacaq silahlara necə təsir göstərəcəyindən gedir", - deyə Aİ rəsmilərindən olduğu deyilən mənbə bildirib. Debatların ən vacib istiqamətlərindən biri yenidən silahlanma prosesində ABŞ silahlarının roludur. NATO daha geniş sənaye siyasəti strategiyası çərçivəsində Aİ-nin "Avropa istehsalı olanı al" yanaşmasına qarşı çıxır. "Həm Aİ, həm də NATO avropalıların qitənin müdafiəsində aparıcı rol oynamasının zəruriliyi ilə razılaşır. Lakin onlar bu məqsədə çatmaq yolları barədə fərqli düşünürlər", - deyə Avropa İttifaqının Təhlükəsizlik Tədqiqatları İnstitutunun analitiki Cüzeppe Spatafora bildirib. Spatafora vurğulayıb ki, Brüssel müdafiə sənayesi sektorunda Avropadaxili əməkdaşlığı təşviq etməyə, NATO üçün isə müdafiə sənayesi siyasəti transatlantik olaraq qalmağa çalışır. "Alyans avropalılara hansı silah növlərinin lazım olduğunu müəyyən edə bilər. Lakin bu məqsədə çatmaq üçün normativ və maliyyə alətlərinə gəldikdə, onun təklif edə biləcəyi çox az şey var", - deyə Aİ rəsmisi əlavə edib.
Mənbə
oxu.az