Dünya

Livan iqtisadiyyatı çökmək riski ilə üz-üzədir

16 Apr 2026, 15:00 1 baxış
Livan iqtisadiyyatı çökmək riski ilə üz-üzədir
İsrail və "Hizbullah" qruplaşması arasında respublika ərazisindəki hərbi toqquşmalar yaya qədər davam edərsə, Livan iqtisadiyyatı fəlakətlə üzləşmək riski daşıyır. Oxu.Az xəbər verir ki, bu barədə Livanın sosial işlər naziri Hanin əs-Səid ABŞ-nin "Al-Monitor" portalına müsahibəsində məlumat verib. "Əgər müharibə yaya kimi uzansa, iqtisadiyyat böyük bir səs-küylə çökəcək", - deyə nazir qeyd edib. Onun sözlərinə görə, bu cür təhlükələr Livan iqtisadiyyatının turizm sektorundan güclü asılılığı ilə əlaqədardır. Məhz qarşıdan gələn dövr turizm mövsümünün ən qaynar vaxtına təsadüf edir. Hərbi əməliyyatların davam etməsi ölkə büdcəsinin ümid etdiyi bu gəlirlərin itirilməsinə səbəb olacaq. Nazir əlavə edib ki, ölkənin maliyyə sistemi 2019-cu ildə baş vermiş daxili böhrandan sonra onsuz da çox ağır durumdadır. Xatırladaq ki, İsrail martın 2-dən etibarən "Hizbullah"a qarşı hərbi əməliyyatlar həyata keçirir. Həmin vaxt bu iranpərəst təşkilat İranın ali dini lideri Əli Xameneinin öldürülməsinə cavab olaraq İsrail ərazisinə zərbələr endirməyə başlayıb. İsrail Hərbi Hava Qüvvələri isə bütün Livan boyu hədəflərə hücum edir, quru qoşunları respublikanın cənubunda hücumu davam etdirir. Açıqlanan məqsəd - İsrailin şimalındakı yaşayış məntəqələrini atəşlərdən qorumaq üçün Cənubi Livanda, Litani çayından cənubda bufer zonasının yaradılmasıdır. Yəhudi dövlətinin rəhbərliyi daha əvvəl Livanın bütün sərhədyanı kəndlərini tamamilə məhv etmək niyyətində olduğunu açıqlayıb və respublikanın şimalına təxliyə edilmiş yüz minlərlə yerli sakinin öz evlərinə qayıtmasına qadağa qoyub.
Mənbə oxu.az

Oxşar Xəbərlər