Dünya

ABŞ-nin Hörmüz blokadasının pərdəarxası məqamları: Çin və Hindistan münaqişəyə cəlb edilirlər?

16 Apr 2026, 13:40 1 baxış
ABŞ-nin Hörmüz blokadasının pərdəarxası məqamları: Çin və Hindistan münaqişəyə cəlb edilirlər?
"Birləşmiş Ştatlar Hörmüz boğazını blokadaya almaqla Çin və Hindistanı İrana təzyiq göstərməyə məcbur etməyə çalışır". Oxu.Az xəbər verir ki, belə bir iddia CNN telekanalının hazırladığı analitik materialda yer alır. "ABŞ-nin həyata keçirdiyi bu əməliyyatın əsas məqsədlərindən biri Tehranı yenidən danışıqlar masasına qaytarmaq üçün Çin və Hindistan kimi İrandan neft alan dövlətlərə təzyiq etməkdir", - deyə telekanal vurğulayır. Bununla yanaşı, bildirilir ki, ABŞ Çinlə bağlı məsələdə böyük riskə gedir. Çünki ABŞ gəmiləri tərəfindən İran nefti daşıyan hər hansı bir Çin tankerinə müdaxilə edilməsi ABŞ Prezidenti Donald Trampın çoxdan gözlədiyi və Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə planlaşdırılan görüşündən bir neçə həftə əvvəl diplomatik insidentə səbəb ola bilər. CNN-in təhlilinə görə, Vaşinqton Hörmüz boğazını bağlamaqla bu addımın müharibəyə tezliklə son qoyacağını düşünsə də, Tehranı düzgün qiymətləndirməyib. Belə ki, İran rəhbərliyi mövcud münaqişəni həyatda qalmaq uğrunda mübarizə kimi qəbul edir. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb. Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər