Dünya
NATO Finlandiyada Rusiya ilə müharibəyə hazırlaşır? - Moskva və Helsinkidən sərt xəbərdarlıqlar
Rusiyanın Helsinkidəki (Finlandiya) diplomatik nümayəndəliyinin rəhbəri Pavel Kuznetsov Şimali Atlantika Alyansının (NATO) Finlandiya ərazisində Rusiya Federasiyası ilə ehtimal olunan toqquşmaya hazırlıq gördüyünü bəyan edib. Oxu.Az xəbər verir ki,TASS-a müsahibə verən səfir vurğulayıb ki, son vaxtlar Finlandiyada NATO hərbçilərinin cəlb olunduğu təlimlərin həm miqyası böyüyüb, həm də sayı çoxalıb. Bu manevrlər zamanı əsasən Rusiya ilə hərbi qarşıdurma vəziyyətləri sınaqdan keçirilir. Rusiya dövlət başçısının köməkçisi Nikolay Patruşev isə daha bir iddia ilə çıxış edərək bildirib ki, Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının Leninqrad vilayətindəki Rusiya limanlarına hücumlarında Finlandiya və Baltikyanı dövlətlər də yer alıb. Onun fikrincə, həmin ölkələrin öz hava məkanlarını bu cür məqsədlər üçün açması NATO-nun Rusiyaya qarşı həyata keçirilən zərbələrdə birbaşa əli olduğunu sübut edir. Finlandiya Azadlıq Alyansını təmsil edən Armando Mema rəsmi Helsinkinin yürütdüyü siyasəti tənqid edib. O, Ukrayna PUA-larının Finlandiya səmasından keçməsinə şərait yaradılmasını kəskin pisləyib və mövcud siyasi kursun ölkəni hərbi münaqişəyə doğru apardığını diqqətə çatdırıb.
Mənbə
oxu.az