Cəmiyyət

Şəmkirdə kənd yolu bərbad vəziyyətdə: "Avtomobillər sıradan çıxır" - FOTO - VİDEO

15 Apr 2026, 16:36 2 baxış
Şəmkirdə kənd yolu bərbad vəziyyətdə: "Avtomobillər sıradan çıxır" - FOTO - VİDEO
Şəmkir rayonunda kənd yollarının yararsız vəziyyətdə olması sakinlərin gediş-gəlişini çətinləşdirib. Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.

Bildirilib ki, rayonun "Kraz yolu" adlanan ərazisində yolun bərbad vəziyyətdə olması səbəbindən nəqliyyat vasitələrinin normal hərəkəti mümkün deyil. "Gədəbəyə və ətraf kəndlərə gediş-gəliş çətinləşib. Yolun bu vəziyyətdə olması avtomobillərin də sıradan çıxmasına səbəb olsa da, təmirlə bağlı tədbir görülmür", - deyə şikayətdə bildirilir. Oxu.Az-a açıqlamasında Şəmkir Rayon İcra Hakimiyyəti (RİH) başçısı aparatında Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Elgün Seyidov bildirib ki, Şəmkir - Gədəbəy avtomobil yolunun Şəmkir şəhərinə aid hissəsi Səməd Vurğun küçəsindən keçir.
"Həmin küçənin yol örtüyü əsaslı təmir olunub və zərurət yarandığı hallarda Şəmkir RİH tərəfindən cari təmir işləri aparılır. Sözügedən "Kraz yolu" adlanan yol Səməd Vurğun küçəsinə paralel yerləşir. Şəmkir - Gədəbəy yoluna alternativ olaraq, əsasən çoxtonnajlı nəqliyyat vasitələrinin hərəkəti üçün inşa edilib. Yolun sıradan çıxmış hissələrində cari təmir işlərinin aparılması Şəmkir Rayon İcra Hakimiyyətinin növbəti dövr üçün layihə planında nəzərdə tutulub", - deyə E.Seyidov bildirib.
Şəmkirdə kənd yolu bərbad vəziyyətdə: "Avtomobillər sıradan çıxır" - FOTO - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər