Cəmiyyət
508 nömrəli avtobusda nasazlıq: Sərnişinlər yolda düşürüldülər - VİDEO
Saray qəsəbəsi - "20 Yanvar" metro stansiyası marşrutu üzrə hərəkət edən 508 nömrəli avtobusda problem yaşanıb. Bu barədə Oxu.Az-a sərnişinlər məlumat veriblər. Avtobusun hərəkət zamanı nasazlıq səbəbindən dayandığı, sərnişinlərin isə nəqliyyat vasitəsindən düşürüldükləri bildirilib. "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva Oxu.Az-ın sorğusuna cavab olaraq nəzərə çatdırıb ki, ötən gün saat 07:43-də "BakuBus" MMC-nin istismarında olan 508 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birində qısa müddətli texniki nasazlıq qeydə alınıb. Açıqlamada qeyd olunub ki, Bakı-Sumqayıt yolu istiqamətində hərəkətdə olan avtobusun sürücüsü dərhal "BakuBus" MMC-nin Monitorinq Mərkəzinə xəbər verib: "Mərkəzdən ötürülən müvafiq təlimatlara əsasən nasazlıq operativ şəkildə aradan qaldırılıb. Nəticədə avtobus saat 07:50-də marşrut üzrə hərəkətini davam etdirib. Baş vermiş halın sərnişinlər üçün yaratdığı müvəqqəti narahatlığa görə üzr istəyir, göstərilən anlayışa görə təşəkkür edirik".
Mənbə
oxu.az