Dünya
Qlobal istiləşmə antibiotiklərə davamlı bakteriyaların çoxalmasına səbəb olur - Yeni araşdırma
Qlobal istiləşmə və iqlim dəyişiklikləri antibiotiklərə qarşı müqavimət göstərə bilən bakteriyaların çoxalmasına səbəb ola bilər. Oxu.Az xəbər verir ki, Kaliforniya Texnologiya İnstitutunun alimləri apardıqları araşdırmalar nəticəsində bu qənaətə gəliblər. Elmi işin təfərrüatları "Nature Microbiology" jurnalında dərc olunub. Tədqiqatçılar quraqlığın torpaqdakı mikrob populyasiyalarına ciddi təsir etdiyini aşkarlayıblar. Torpağın nəm səviyyəsi azaldıqca, mikroorqanizmlər tərəfindən buraxılan təbii antibiotiklərin konsentrasiyası artır. Bunun nəticəsində isə sadəcə həmin maddələrə dözümlü olan bakteriyaların sağ qala bildiyi xüsusi mühit yaranır. ABŞ, Çin və Avropadan əldə edilən məlumatların təhlili göstərib ki, quru torpaqlarda həm antibiotik istehsal edən bakteriyalar, həm də müqavimət genləri daha çox olur. Laboratoriya sınaqları da irəli sürülən fərziyyəni təsdiqləyib. Alimlər süni torpağa antibiotik əlavə edib quraq mühit formalaşdırıblar. Sınağın sonunda həssas bakteriyalar məhv olarkən müqavimətli növlər yaşamağa və çoxalmağa davam ediblər. Araşdırmanın ən ciddi tibbi narahatlıq yaradan hissəsi xəstəxanalarla bağlıdır. Mütəxəssislər müxtəlif iqlim şəraitinə malik 116 ölkənin səhiyyə müəssisələrindəki antibiotik müqaviməti məlumatlarını incələyiblər. Məlum olub ki, quraqlıq səviyyəsi yüksəldikcə, xəstəxanalardakı bakteriyaların da dərmanlara qarşı dirənci artır. Dərman istehlakına təsir edən sosial-iqtisadi amillər hesaba alındıqda belə, sözügedən tendensiya dəyişməz qalıb. Makkuori Universitetinin mikrobioloqu Timoti Qalinin sözlərinə görə, bu mənzərə qlobal tendensiyanın göstəricisidir. Ekosistemdəki dəyişikliklər insan səhhəti üçün təhlükə mənbəyi olan patogenlərin yaranmasına və təkamülünə birbaşa təsir edə bilir. Ekspertlər qeyd edirlər ki, quraqlığın tibbi müəssisələrdə antibiotik müqavimətini artıran yeganə və birbaşa səbəb olduğunu tam qətiyyətlə söyləmək üçün hələ tezdir. Lakin əldə olunan dəlillər qlobal iqlim dəyişikliklərinin hazırkı riski daha da dərinləşdirə biləcəyini aydın göstərir. Alimlərin yekun rəyinə əsasən, dərmanlara tabe olmayan mikroorqanizmlərlə səmərəli şəkildə mübarizə aparmaq üçün yalnız tibbi həllər yetərli deyil. Ətraf mühit amillərini və iqlim dəyişikliyinin mikrob ekosistemlərinə təsirini mütləq nəzərə almaq vacibdir.
Mənbə
oxu.az