Dünya

ABŞ-də süni intellektlə keçmiş sevgililərinin intim şəkillərini hazırlayan şəxs hakim qarşısına çıxarılıb

08 Apr 2026, 18:06 1 baxış
ABŞ-də süni intellektlə keçmiş sevgililərinin intim şəkillərini hazırlayan şəxs hakim qarşısına çıxarılıb
ABŞ-nin məhkəmə tarixində ilk dəfə olaraq bir vətəndaş süni intellekt (Sİ) vasitəsilə həqiqi insanların intim fotolarını hazırladığı üçün qanun qarşısında cavab verib. Oxu.Az xəbər verir ki, bu məlumat ABŞ Ədliyyə Nazirliyinin rəsmi bəyanatında öz əksini tapıb. Qurumun yaydığı məlumata əsasən, 37 yaşlı Ceyms Straler keçmiş rəfiqələrinin intim xarakterli saxta görüntülərini hazırlayaraq onlayn məkanda paylaşıb. O, ən azı altı nəfəri hədəf seçərək, onlara aid ümumilikdə 700-dən artıq saxta şəkil və video ərsəyə gətirib. Straler bu materialları yaratmaq məqsədilə 100-dən çox fərqli süni intellekt modelini tətbiq edib. "Straler ABŞ-nin Məxfilik Qanunu çərçivəsində məsuliyyətə cəlb olunan ilk vətəndaşdır. Biz həqiqi insanların süni intellekt vasitəsilə hazırlanan intim şəkillərinin yayımlanması və paylanması kimi qəbuledilməz hallara qarşı sərt mövqe tutacağıq. Belə cinayətkarların ədalət məhkəməsində hakim qarşısına çıxarılması üçün bütün qanuni yollara baş vurmaq əzmindəyik", - deyə prosesə rəhbərlik edən ABŞ prokuroru Dominik Qeraçe vurğulayıb. Qeyd edək ki, Birləşmiş Ştatlarda gerçək şəxslərin saxta intim görüntülərinin paylaşılmasını yasaqlayan müvafiq qanunvericilik aktı 2025-ci ildə qüvvəyə minib.
Mənbə oxu.az

Oxşar Xəbərlər