Dünya

Cey Di Vens Vaşinqton-Tehran barışığını "kövrək" adlandırdı: "ABŞ-nin müttəfiqləri ABŞ-İran atəşkəsinə qoşulublar"

08 Apr 2026, 15:54 1 baxış
Cey Di Vens Vaşinqton-Tehran barışığını "kövrək" adlandırdı: "ABŞ-nin müttəfiqləri ABŞ-İran atəşkəsinə qoşulublar"
ABŞ vitse-prezidenti Ceyms Devid Vens Vaşinqton və Tehran arasında əldə edilən müvəqqəti ikihəftəlik atəşkəs razılaşmasını "kövrək" adlandırıb, həmçinin əlavə edib ki, ABŞ-nin regiondakı müttəfiqləri atəşkəsə qoşulub və hərbi əməliyyatlar aparmırlar. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Cey Di Vens səfərdə olduğu Budapeştdə çıxışı zamanı bildirib. "ABŞ hücumu dayandırmağa razılaşdı. Və təkcə ABŞ deyil, həmçinin bizim müttəfiqlərimiz də hücumu dayandırmağa razılaşdılar. Bu, əldə etdiyimiz kövrək atəşkəsin əsasını təşkil edir", - deyə o qeyd edib. "Bəzi insanlar (atəşkəs xəbərinə) müsbət reaksiya verdilər və doğru şeylər dedilər, digərləri isə sosial şəbəkələrdən istifadə edərək, mahiyyət etibarilə, bizim hərbi nailiyyətlərimiz barədə yalan danışırlar. Onlar razılaşmanın xarakteri barədə yalan danışırlar. Onlar atəşkəsin xarakteri barədə yalan danışırlar. Və buna görə də deyirəm ki, bu, kövrək atəşkəsdir: insanlar var ki, aydın şəkildə danışıqlar masası arxasına oturmaq və sərfəli saziş yolu tapmaq üçün bizimlə işləmək istəyirlər. Elələri də var ki, hətta artıq əldə etdiyimiz kövrək atəşkəs barədə də yalan danışırlar", - deyə o əlavə edib. Vens, həmçinin vurğulayıb ki, ABŞ İranla münaqişənin nizamlanmasında irəliləyiş əldə etməyə davam edəcək. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb. Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər