Dünya
İsrail Beyruta yeni zərbə dalğasının başlandığını elan etdi
İsrail Hərbi Hava Qüvvələri Beyruta yeni zərbə dalğasını başladıb. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətindən məlumat verib. Bildirilib ki, zərbələrin hədəfi Livan paytaxtındakı "Hizbullah" hərəkatına məxsus infrastruktur obyektləri olub. İsrail Hərbi Hava Qüvvələrinin Beyruta PUA ilə hücumu zamanı "Hizbullah" təşkilatının rəhbərlərindən biri öldürülüb. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Əl-Hadath" telekanalı məlumat verib. Məlumata görə, zərbə "Hizbullah"ın Dahiyanın cənub hissəsindəki qərargah ofisinə endirilib. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri zərbəyə məruz qalıb. Əməliyyat "Aslanın nəriltisi" adlandırılıb. Hər iki ölkə hava məkanını bağlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ABŞ-nin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bəyan edib. Pentaqonun bildirdiyi kimi, ABŞ-ın İrana qarşı əməliyyatı "Epik qəzəb" adlandırılıb. İran da öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İran həmçinin bütün Yaxın Şərqdəki - Qətər, BƏƏ, Bəhreyn, İraq, Səudiyyə Ərəbistanı və İordaniyadakı ABŞ bazalarına pilotsuz uçuş aparatları (PUA) və raket zərbələri endirib. Bütün bu ölkələrin hava məkanı bağlı olaraq qalır. İran öz əməliyyatını "Həqiqi vəd 4" adlandırıb. İran dövlət televiziyasının ölkənin ali lideri Əli Xameneinin öldürüldüyünü təsdiqləyib. Həmçinin ayətullah Əli Şamxaninin müşaviri, SEPAH komandanı Məhəmməd Pakpur və müdafiə naziri Əziz Nəsirzadə də daxil olmaqla, bir neçə yüksək vəzifəli İran hərbi rəsmisinin ölümü də təsdiqlənib.
Mənbə
oxu.az