Siyasət
Anar Quliyev: "Azərbaycanın mənzil və şəhərsalma siyasətində prioritetlərdən biri azad edilmiş ərazilərin bərpasıdır"
"Azərbaycan Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda yaşayış yerləri ilə bağlı təşəbbüslərini təqdim edəcək". Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura üzrə Dövlət Komitəsinin sədri Anar Quliyev XIII Qlobal Bakı Forumunda "Mənzil üçün qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər" mövzusunda keçirilən panel müzakirəsində deyib. O bildirib ki, Azərbaycanın mənzil və şəhərsalma siyasətində əsas məsələlərdən biri Qarabağ və Şərqi Zəngəzurda azad edilmiş ərazilərin bərpası və məcburi köçkünlərin həmin ərazilərə köçürülməsidir: "Bu təcrübə bu gün bir çox ölkənin qarşılaşdığı qlobal problemi əks etdirir. Münaqişədən sonrakı bərpa prosesində əlçatan mənzil hüququnu necə təmin etmək olar? Bu ərazilərdə dayanıqlı və müasir şəhərlərin qurulması konsepsiyası həyata keçirilir. Keçmiş məcburi köçkünlər üçün mənzillər dövlət tərəfindən pulsuz təqdim olunur. Bu yanaşma münaqişədən sonrakı bərpa, sosial müdafiə və dövlətin aparıcı rolunu nümayiş etdirir. "Daha yaxşı şəkildə yenidən qurmaq" prinsipi əsasında həyata keçirilən bu proses güclü dövlət idarəetməsi, inteqrasiya olunmuş planlaşdırma, effektiv icra mexanizmləri və icmalarla aktiv kommunikasiya ilə dəstəklənir. Bu da bərpa işlərinin davamlı və insan mərkəzli olmasını təmin edir. Bu təşəbbüs həm də mənzil sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün mühüm platforma rolunu oynayır. Bu çərçivədə 2020-ci ilin iyun ayında Azərbaycan və Somali tərəfindən həmsədrlik edilən Açıq Hökumətlərarası İşçi Qrupu yaradılıb. Bu qrupun məqsədi ölkələr arasında təcrübə mübadiləsi aparmaq, siyasət həllərini müəyyənləşdirmək və mənzil problemlərinin həlli üçün tərəfdaşlıqları gücləndirməkdir. Bu təşəbbüs qlobal əməkdaşlığın gücləndirilməsini, investisiyaların səfərbər edilməsini və əlçatan mənzillərin inkişafını dəstəkləyən mexanizmlərin yaradılmasını hədəfləyir. Eyni zamanda vurğulanır ki, çoxtərəfli və sektorlararası əməkdaşlıq uzunmüddətli inkişaf üçün vacibdir və ölkələr arasında sinerjinin yaranmasına kömək edir. Bu əməkdaşlıq vasitəsilə innovativ həllər, tərəfdaşlıqlar və BMT sistemi ilə birgə fəaliyyət sayəsində mənzil dayanıqlılığı və davamlı inkişafın gücləndirilməsi məqsəd qoyulur". Aygün Mirakif
Mənbə
oxu.az