Siyasət
BMT rəsmisi: "Dünyada təxminən 3 milyard insan uyğunsuz mənzillərdə yaşayır"
"Biz ciddi mənzil böhranı ilə üzləşirik və bu, qlobal xarakter daşıyır". Oxu.Az xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun XIII Sessiyasına (WUF13) həsr olunmuş brifinqdə deyib. O bildirib ki, tədbirin mövzusunun "Dünya üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar" seçilməsi təsadüfi deyil: "Bu gün çox sayda insan son dərəcə həssas və qeyri-sabit şəraitdə yaşayır. Təxminən 300 milyon insan evsizdir, 1 milyarddan çox insan qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır. Bundan əlavə, dünyada təxminən 3 milyard insan uyğunsuz mənzillərdə yaşayır. Planetimiz hələ tam urbanizasiya olunmayıb. Gələcək bir neçə onillikdə təxminən 2 milyard insan şəhərlərə köçəcək. O zaman dünya əhalisinin 70%-i şəhərlərdə yaşayacaq və bu artan əhali axını üçün xüsusilə Afrika və Cənub-Şərqi Asiyada uyğun mənzil təmin etmək çox vacib olacaq". Nümayəndə qeyd edib ki, son 10 ildə baş verənlər qiymətləndirilməldir: "Biz fəaliyyətimizi "New Urban Agenda" adlı sənəd əsasında istiqamətləndiririk. Bu sənəd 2016-cı ildə qəbul olunub və bu il 10 illiyini qeyd edir. Biz son 10 ildə baş verənləri qiymətləndirməliyik, lakin daha vacibi odur ki, sənəd 2036-cı ilə qədər əhatə edir və qarşıdakı illər üçün prioritetləri, təcili tədbirləri müəyyənləşdirməli, təcrübə və bilikləri paylaşmalıyıq. Ən vacibi isə bu istiqamətdə qlobal koalisiyalar qurmaqdır". Məlik Məlikov
Mənbə
oxu.az