Vaqif Cavadov klubla müqavilə bağlamadan yığmada çıxış etmiş futbolçular siyahısına düşüb

Öz klubları ilə peşəkar səviyyədə müqavilə bağlamadan milli komandalara çağırılan futbolçuların siyahısı açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, 8 oyunçunun yer aldığı siyahıya Azərbaycan yığmasının sabiq hücumçusu Vaqif Cavadov da düşüb.

Vaqif Cavadov millidə 17 yaşında ikən – 2006-cı ildə Moldova ilə yoldaşlıq görüşündə debüt edib. Həmin vaxt o, Rusiya MOİK-in gənclər komandasında olub. Gənc forvard peşəkar futbolçu karyerasına bir il sonra “Qarabağ”da başlayıb. Ağdam komandasında kumirə çevrilən Cavadov Hollandiya “Tvente”sinə keçib. Meydana çıxmadan çempion olan forvard Azərbaycana qayıdıb və sonradan Türkiyədə də çıxış edib. Onun son klubu ötən mövsümün ikinci yarısında çıxış etdiyi AZAL olub. Hazırda 28 yaşlı hücumçu klubsuzdur.

Siyahıya düşən digər futbolçular isə bunlardır:
Ronni Büxel – 1998-ci ildə 16 yaşında ikən Lixtenşteyn yığmasına çağırılıb. 2000-ci ildə isə o, “Vaduts”la rəsmi müqavilə bağlayıb. 2009-ci il oktyabrın 10-da Azərbaycan yığmasına qarşı DÇ-2010-un seçmə qrup matçında çıxış edib. O, Vaduts şəhərindəki “Raynpark” stadionunda keçirilmiş görüşdə 90 dəqiqə meydanda olub. Oyun Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb. İlk qolu 55-ci dəqiqədə məhz Vaqif Cavadov vurub.

Emanuel Mammana – “River Pleyt” Futbol Akademiyasında təhsil aldığı vaxt -18 yaşında ikən Argentina yığmasına çağırılıb və 7 iyun 2014-cü ildə Sloveniya ilə yoldaşlıq görüşündə debüt edib. Həmin il o, “River Pleyt”lə peşəkar müqavilə bağlayıb.

Harri Uilson – 16 yaşında ikən – 2003-cü ildə Uels millisinə çağırılıb və Makedoniya ilə yoldaşlıq görüşündə iştirak edib. Bundan 2 il sonra o, İngiltərə “Liverpul”u ilə peşəkar müqavilə bağlayıb.

Xavyer Maskerano – 2003-cü ildə Argentina millisinə çağırılıb. “Copa America” turniri zamanı yığmada debüt edən Maskerano həmin ilin yayında “River Pleyt”lə peşəkar müqavilə bağlayıb.

Luis Peres – 1998-ci ildə 17 yaşında ikən Ekvador yığması ilə yoldaşlıq görüşü üçün Meksika yığmasına çağırılıb. Növbəti il o, Meksikanın “Nekaksa” klubu ilə peşəkar müqavilə imzalayıb.

Marselo Trobbiani – 1974-cü ildə 19 yaşında ikən Argentina millisində debüt edib. Həmin il o, “Boka Xuniors”la peşəkar müqavilə bağlayıb.

Migel Senteno – 2008-ci ildə 19 yaşında ikən Meksika yığmasına çağırılıb. Bundan 3 il sonra “Toluka” ilə rəsmi müqavilə bağlayıb.

Rəylər

OXŞAR XƏBƏRLƏR