Üç minə satılan miras, Bakının bir şamla isidilən sirli məkanından REPORTAJ + FOTO

Azərbaycanın şəhər infrastrukturu hər zaman zəngin olub. Hələ qədim dövrlərdə hazırlanan layihələrdə də şəhərlərin daxilində məscid, bazar, karvansaray, su anbarları inşa edilib. Bütün bunlarla yanaşı hamamların inşasına da xüsusi diqqət ayrılıb. Hamamların inşası hər zaman tikinti layihələrində ön planda olub.

İnsanlar həmişə hamamları rahatlığın, təmizliyin, diriliyin, sağlamlığın, mənəvi dincliyin, istirahətin, ruhun təzələndiyi məkan hesab edib. Tarixən insanların daim icra etdiyi rituallar: çimmək, su ilə yaxalanmaq fiziki təmizliyin başlıca şərtinə çevrilib.

Bu dəfə sizə bəhs edəcəyim məkan da Bakının kəndlərində olan və bu günə qədər tarixi abidə kimi qorunub saxlanan hamamdır.

Yolumuz Bakının Pirşağı qəsəbəsinədir. Bura qəsəbədə ən məşhur məkanlardan biridir. Yerli əhali arasında “Qum hamamı” kimi tanınan bu tikili qəsəbə sakini Hacı Şahverdi Şahverdizadə tərəfindən inşa edilib. Hamamın XIX əsrə aid olduğu qeyd olunur, Hacı Şahverdi bu hamamı oğlu Məşədi Sadıx Şahverdizadə ilə birlikdə inşa edib.

Çəkiliş zamanı maraqlı məqamlardan biri də 1880-1885-ci illərdə anadan olduğu ehtimal edilən Məşədi Sadıx bəyin nəvələri, Hacı Şahverdi bəyin isə nəticələri ilə rastlaşmağımız oldu. Məşədi Sadıx bəyin nəvələrindən olan Vüqar Şahverdizadə Oxu.Az-a açıqlamasında deyib ki, babası bu hamamı tikən zaman qəsəbə sakinlərini də düşünüb:

“Babamın atası Şahverdi kişi imkanlı şəxslərdən olub. O zaman da bəylər, imkanlı şəxslər kənd camaatı üçün imkan daxilində şərait yaradardı. Babamın atası da bu hamamı tikmək qərarına gəlib. Böyüklərimiz danışır ki, Pirşağıda bir neçə hamam var. Lakin, babam və atası ikisi birlikdə dəniz qırağında tikilməsini istəyib. Fikirləşiblər ki, dəniz mövsümündə çimərlikdən çıxan şəxslər də burada çimib gedərlər. Bu hamam da elə inşa ediləndən əhalinin istifadəsinə verilib”.

Kənd ağsaqqalları deyir ki, belə hamamda çimməyin üstünlükləri çox olub. Ən əsası da o imiş ki, bədəndə olan soyuqdəymə çıxırmış. Bu qədər geniş hamamın isidilməsi isə cəmi bir şam vasitəsilə həyata keçirilirdi. Bu günə qədər hamama baxan memarlar belə bunun sirrini tapa bilməyiblər.

Tarixi hamamı inşa edənlərdən Məşədi Sadıxın qız nəvəsi Arzu Fərzəliyeva Oxu.Az-a açıqlamasında deyib ki, hamam barədə sirli məqamlar çoxdur:

“Babamgil hamamı inşa edəndə qəribə bir texnikadan istifadə ediblər. Bunu memarlar arasında da bilən olmadı. Böyüklərin, o vaxt hamamdan istifadə edən şəxslərin sözlərinə görə, hamamı qızdırmaq üçün bir şam bəs edirdi. Hamamda iki dərin çala qazılmışdı. Bir tərəfə yığılan su qızaraq digər çalaya tökülürdü və insanlar o sudan istifadə edirdi”.

Məşədi Sadıxın nəvəsi A.Fərzəliyeva deyir ki, ailə irsinin qorunması üçün uzun illərdir zəhmət çəkib:

“Mənim anam Əhya Şahverdiyeva uzun illər bu hamamın qorunması üçün aidiyyəti orqanlara müraciət edib. Özü üç dəfə Pirşağı ərazisindən deputat seçilib. Bu işlərdə çox fəal iştirak edib. Babam imkanlı olub deyə tək hamamı yox, anbarları, un dəyirmanları, mağazaları olub. Bakının başqa kəndlərində kənd camaatı üçün bir hamam olub, amma Pirşağıda bir neçə hamam inşa ediblər. Babam Məşədi Sadıx ondan əlavə kəndin içində indiki bələdiyyənin yerində hamam inşa etdirib. Daha sonra bu hamam sökülüb. Həmin hamamın daşlarından o vaxt məktəb binasının tikilməsində istifadə edilib. Anam hər zaman deyirdi ki, babanın qabarlı əlləri gözümün önündən getmir. Onlar bu hamamın inşasında fəhlə belə işlətməyiblər, öz əziyyətləri ilə tikiblər”.

Arzu xanım deyir ki, o vaxt qəsəbədə su olmadığı üçün kəndin imkanlı şəxsləri tərəfindən burada 300 tonluq şirin su anbarı inşa etdirib:

“O vaxt qəsəbə sakinləri bu şirin su anbarından istifadə edirdilər. Daha sonra su quyuları qazılmağa başladı. 1994-cü ildə burada göl daşdı. İpək yolu ilə su axıb dənizə töküldü. O olmasaydı, daşqın kəndi yuyub aparardı. Həmin dövrdə ulu öndər Heydər Əliyev kəndin bərpasına xüsusi diqqət ayırdı və insanların evləri suyun altında qalmaqdan xilas edildi”.

Babasının inşa etdiyi hamamın sahəsinin vaxtı ilə qanunsuz yollarla satıldığını deyən Arzu xanım bu məsələnin aidiyyəti orqanlar tərəfindən araşdırıldığını da vurğulayıb:

“Hamamın ərazisi çox geniş olub. Burada heç bir yaşayış evi olmayıb. O vaxt bələdiyyə bu ərazini 3 min manata satışa çıxardı. Mən bununla bağlı aidiyyəti orqanlara müraciət etdim və bu satış prosesi bir müddətdən sonra dayandırıldı. Həmin şəxs isə vəzifəsindən azad edildi. Həmin ərəfələrdə hamamın divarlarının bir hissəsi sökülmüşdü. 2008-ci ildə ilk dəfə hamam bərpa olunub. Şəkidən dəvət edilən memar çox səliqəli şəkildə buranı bərpa etmişdi. Bu təşəbbüsün maliyyə xərclərini öz üzərinə götürən şəxs isə adının çəkilməsini istəmədiyini demişdi. Bizə bildirilmişdi ki, hamamın yaxın ətrafında tikilən evlər plana düşəcək, söküləcək. Amma elə bu torpaqlar əzəldən mənim babamın olub. Hamamda təmir işləri aparılandan sonra ərazisi nisbətən kiçik götürüldü. Çünki hasarlamaq üçün vəsait tələb olunurdu. Bütün hallarda ailə irsimizin qorunması, diqqət göstərilməsi bizim üçün çox xoşdur.

Aprelin 16-da Bakının Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilib və təmir-bərpa işlərinin təməli qoyulub. Ölkə başçısının həmin təmir-bərpa işləri çərçivəsində bu əraziyə gəlməsi mənim üçün qürurvericidir. Çox sevinirəm ki, bu tarixi abidə böyüklərimizdən bizə miras qaldığı kimi bizdən də gənclərimizə ötürüləcək”.

“Pirşağı Bakının kəndləri arasında abidələri, tarixi ilə seçilən kəndlərdən olub. Pirşağıda 12 axund olub. Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış dahi şairlərdən olan Mikayıl Müşfiq, Hüseyn Cavid, eləcə də Həsən Seyidbəyli məhz babam Məşədi Sadıxın bağında istirahət edərdi. Anam danışır ki, o zaman onun hələ 7 yaşı olardı”, – deyə A.Fərzəliyeva qeyd edir.

Onun sözlərinə görə, babası Məşədi Sadıxın sərdabəsi olub və övladları da onun ətrafında Fatmayi qəsəbəsində qəbiristanlıqda dəfn edilib.

Memar Elçin Əliyev isə deyir ki, Pirşağı Sovet dövründə özünün qızıl qumları, sanatoriyaları, pioner düşərgələri ilə məşhur olub:

“Bütün Sovet İttifaqı o dövrdə burada analar və uşaqları üçün qızıl qum sanatoriyalarının olduğunu bilirdi. Pirşağı sovet dövründə baxımsız vəziyyətdə qaldı. O vaxt kəndlərə baxım üçün vəsait ayrılmırdı. Təəssüf ki, bu gün tarixi Pirşağı qəsəbəsi baxımsız vəziyyətdədir. Çox xoşdur ki, Prezident İlham Əliyevin tapşırığı ilə bu ərazinin də abadlaşdırılmasına başlanıldı. Təxminən il yarım əvvəl abadlıq işləri Bibiheybət qəsəbəsindən başladı, daha sonra Balaxanı qəsəbəsində də davam etdirildi. Sonradan bu gözəl təcrübə digər kəndləri də əhatə etməyə başladı”.

Memar bildirir ki, abadlıq işləri ilk növbədə turistik marşrutlar üzrə başlayır:

“Hər bir kənddə mədəniyyət işçiləri memarlıq abidələrinin siyahısını hazırlayır. Onların vəziyyəti qiymətləndirildikdən sonra zəruri olaraq Mədəniyyət Nazirliyi tərəfindən təmir-bərpa işləri aparılır. Ərazidə kanalizasiya xətləri, çoxsaylı beton və taxta dirəklər dəyişdirilir və s. Küçələrə çox gözəl döşəmələr düzülür və bu işlər bütün kəndi əhatə edir.

Bu gün Pirşağıda bəzi düşərgələr sökülüb, bəziləri özəlləşdirilib. Təəssüf ki, torpaqlarımız işğal olunduğu üçün bu ərazilərdə məcburi köçkünlər yaşayırdı. O düşərgələrin boşaldılması, özünün unikal layihəsinin bərpa olunması gözlənilir. Orada “Lokomotiv” düşərgəsi, ötən əsrin 50-60-cı illərinə aid olan memarlıq nümunələri var. Pirşağı abadlıq işlərindən sonra Cənubi Qafqazın ən məşhur istirahət guşələrindən birinə çevriləcək”.

E.Əliyev deyir ki, Pirşağı memarlıq və strateji nöqteyi-nəzərindən də çox gözəl yerdə yerləşir:

“İpək yolunun Şimal-Cənub yolu üzərində yerləşdiyi üçün diqqət mərkəzində olub. Pirşağıda qədim məşhur “Qum hamamı” var. Daha bir hamam isə Hacı Əbusəlamın hamamıdır. Bütün bunlar kənd sakinləri tərəfindən inşa edilib. O dövrdə ərazidə çoxlu pirlər var idi, təəssüflər olsun ki, sovet dövründə Pirşağıda qızıl qum çıxarılan zaman bu abidələr dağıdılıb”.

Qeyd edək ki, Prezident İlham Əliyevin göstərişinə əsasən, 2019-cu ildən Bakı şəhərinin və Abşeron rayonunun qəsəbələrində xüsusi abadlaşdırma işlərinə başlanılıb. Balaxanı qəsəbəsinin timsalında uğurlu təcrübənin şahidi olmuşuq. Bibiheybət, Novxanı, Əmircan, Ramana qəsəbələrində də bu proses davam edir.

Aprelin 16-da Bakının Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilib və təmir-bərpa işlərinin təməli qoyulub.

Pirşağı qəsəbəsində yenidənqurma və abadlaşdırma zamanı tarixi abidələrin bərpası və aşkarlanması əsas məqsədlərdəndir.

Rəylər

OXŞAR XƏBƏRLƏR